Avropa Birliyi Azərbaycana 100 milyon avro ayıracaq

Piter Semnebi: «Media üçün azad mühit yaradılmalıdır»

Avropa Birliyi Azərbaycanla «Qonşuluq Siyasəti» Proqramının icrasına qarşıdakı üç ildə 100 milyon avro ayıracaq.


Birliyin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Azərbaycana səfərinin nəticələrinə dair fevralın 20-də keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, təşkilat həmin planın həyata keçirilməsinə Ermənistan və Gürcüstan üçün də yardım ayırıb. Amma bu ölkələrə ayrılan yardımın həcmi Azərbaycandan çoxdur.


Piter Semnebi bu fərqi Azərbaycanın özünün gəlirləri artması ilə izah edir.


Cənab Semnebi həmçinin əlavə edib ki, 2008-ci ildə Azərbaycanda prezident seçkisi yaxınlaşdıqca, Avropa Birliyi ölkədə medianın problemlərinə diqqəti daha da artıracaq: «Media üçün azad mühit yaradılmalıdır. Böhtan iddiaları ilə əlaqədar jurnalistlərin problemləri yaranır. Gələcəkdə belə halların təkrarlanmaması üçün qanunvericilik bazası yaradılmalıdır».