Müsavatın mitinqi vaxtından əvvəl bitdi

Müsavat Partiyasının etiraz mitinqi, 18 fevral 2007

Sərt hava şəraitinə görə Müsavat partiyasının etiraz mitinqi vaxtından əvvəl başa çatdı. Fevralın 18-də bu partiya Tarif Şurasının enerji və kommunal xidmətlərin qiymətini artırmasına etiraz olaraq ikinci yürüş-mitinqini keçirdi.


Metronun «Həzi Aslanov» stansiyasından yürüşə başlayan aksiya daha sonra «Ukrayna» meydanında mitinqlə davam etdirildi. Havanın çox soyuq olmasına görə cəmi yarım saat çəkən aksiyada Müsavat Partiyasının başqanı İsa Qəmbər bildirdi ki, qiymətlərin artırılmasına qarşı aksiyalarını davam etdirəcəklər.


Bir neçə yüz adamın qatıldığı aksiyada «İnsanları eşidin, qiymətləri endirin!», «Qiymət artımına yox deyirik!», «İşıq, su, qaz, belə bahalıq olmaz!» və «İstefa» kimi şüarlar səsləndirildi. Bakı şəhər İcra Hakimiyyətinin razılıq verdiyi bu mitinq polisin əhatəsində keçirildi, hər hansı insident baş vermədi.


Müsavat partiyası eyni tələblərlə yanvarın 28-də də həmin yerdə yürüş-mitinq keçirmişdi.


Tarif Şurasının yanvarın 8-də qüvvəyə minən qərarı ilə Azərbaycanda enerjidaşıyıcılar, su, elektrik və kommunal xidmətlərin qiymətləri qaldırılıb. Bunun ardınca hökumət pensiyalar və minimum əməkhaqqını da bir qədər qaldırsa da müxalifət qiymətlərin artırılmasına heç bir iqtisadi əsas olmadığını iddia edir.