Ömürlük həbs alan əl-Sakka Türkiyəni daha ciddi terrorla hədələyir

41 yaraqlı 18 ilə qədər cəza alıb, daha 26 nəfər bəraət alıb

Fevralın 16-da İstanbul məhkəməsi «Əl-Qaidə»nin Türkiyə özəyinin rəhbəri, suriyalı Luai əl-Sakkanı ömürlük həbsə məhkum edib. Müttəhim dövlət quruluşunu zorla devirməkdə ittiham olunurdu.


İstintaq zamanı əl-Sakkanın 2003-cü ilin noyabrında İstanbulda terror aktlarının təşkilində iştirakı müəyyənləşib. O zaman Britaniya konsulluğu, Britaniya bankının filialı və iki yəhudi sinaqoqu yaxınlığında minalanmış avtomobillərin silsilə partlayışı baş verib. Nəticədə 60-dan çox adam həlak olub, 600 qədər adam isə yaralanıb.


Hökm oxunarkən əl-Sakka peşman görünmürdü. Əksinə, məhkəmə zalında emosional çıxış edərək Türkiyəni daha ciddi terror aktları ilə hədələyib. Bu barədə «CNN-Türk» televiziyasının müxbiri məlumat verib:


«Proses zamanı terrorçu dedi ki, azadlığa çıxacaq və cihadın döyüşçülərinə qoşulub yenidən silaha sarılacaq. O, bizim ölkəni yeni, daha dəhşətli terror aktları ilə hədələdi».


Türkiyə mətbuatının bildirdiyinə görə, terror aktları «əl-Qaidə» beynəlxalq terror təşkilatının başçısı Üsamə bin Ladenin əmri ilə törədilib. Görülmüş işə görə əl-Sakka 100 mindən çox dollar alıb.


İstintaq həmçinin əl-Sakkanın bu terror əməlini təkbaşına törətmədiyini üzə çıxarıb. Bu iş üzrə məhkəmə qarşısına onunla birlikdə ümumilikdə 73 adam çıxarılıb. Onların əksəriyyəti 20 ilə qədər azadlıqdan məhrum edilib.


Proses sərt təhlükəsizlik tədbirləri şəraitində keçib. Əl-Sakkanın qaçırılacağı barədə məlumatlara, həmçinin hakimə sui-qəsd ehtimalına görə İstanbul polisi prosesin getdiyi günlərdə sayıqlığı artırıb.