«Yanacağın qiyməti qalxıb, kefimizdən satmırıq ki?..»

Sumqayıtda maşın bazarı, 10 fevral 2007

-Bazar olsun. Bu maşını neçəyə deyirsən?


-5 min 500 dollara. Təzə 06 markalı «Juqili» avtomobilidir. 2003-cü ildə istehsal olunub.


-Soruşmaq eyib olmasın, bəs niyə satırsınız?


-Pul lazımdır. Bu cavan oğlanı evləndirəcəyik…
Bu Sumqayıtın maşın bazarındakı söhbətimizdir. Yalnız Sumqayıt və Bakıdan yox, ölkənin müxtəlif rayonlarından bura maşın alqı-satqısına gələnlər var. Hər maşından da, necə deyərlər bir neçə insan taleyi asılıdır:


-Dolana bilmirəm, ona görə satırıq…


-Bu «Juqili» neçənci ilindir və neçəyə satırsan?
-1988-ci ilindir. 2900 dollara deyirəm. Ancaq alan yoxdur…


Bura Azərbaycandakı ən böyük maşın bazarıdır. Ancaq, burada nadir hallarda təzə maşın gözə dəyir. Köhnə və əsasən də sovet maşınlarıdır. Təzə xarici maşın almaq istəsən gərək Bakının az qala hər küçəsində fəaliyyət göstərən avtomobil salonlarına müraciət edəsən. Sumqayıtdakı bazarda danışırdılar ki, əvvəlki aylara nisbətən indi bura satmağa daha çox maşın gətirirlər. Ancaq, maşınlar çoxalsa da, satanlar alıcıların az olduğunu deyirlər. Kimi bunu yanacağın qiymətinin qalxması ilə, kimisi də sadəcə qış ayları ilə izah edir:


-Budur, maşınlar yığılıb, qalıb. Satılmır… Yanacağın qiyməti qalxandan sonra, çoxları gəlib maşınlarını satır. Alıcılıq qabiliyyəti də düşüb aşağı…


-Yanacağın qiyməti qalxdı ki, satırıq da kefimizdən satmırıq ki?


-Qardaş istəyir yanacağın qiyməti qalxsın, istəyir qalxmasın. Burada qış ayları alver sönük olur…


Bazarda ara-sıra alıcılar gözə dəysə də, ancaq, çox vaxt onların da satıcılarla sövdələşməsi baş tutmurdu:


-Mən «Qaz-24» almaq istəyirəm. Bu 1987-ci ilindir. Ancaq, sərfəli qiymətə vermir. 2200 dollara deyir.


-Dəyməz bu pula?
-Nə bilim? Məncə yox…


Sumqayıt bazarında satışa çıxarılan maşınlar arasında «Raf», «Qaz-L» və başqa sərnişindaşıma üçün istifadə edilən nəqliyyat vasitələri də üstünlük təşkil edilirdi. Həmin maşınların sahibləri deyirdilər ki, artıq Bakıda «Raf», «Qaz-L» markalı maşınlar tədricən nəqliyyatdan çıxarılmaqdadır. Ona görə də indidən bu maşınları satıb daha sərfəli maşınlar almaq istəyirlər .


Mən günortaya yaxın, bazardan çıxanda yenidən «Juqili-06» markalı avtomobili satıb qardaşını evləndirmək istəyən adamla qarşılaşıram. O, hələ də maşını sata bilməmişdi. Ancaq, bu nə onun, nə də bayaqdan yanından uzaqlaşmayan qardaşının əhvalını hələ ki, korlamamışdı. Həmin adam ümid edirdi ki, indi də olmasa gələn həftə maşını sata biləcək. Sumqayıtdakı maşın bazarı həftənin yalnız şənbə və bazar günləri fəaliyyət göstərir…