Həbs edilən jurnalistin səhhəti ilə bağlı narahatlıqlar var

Jurnalist həbs edilməsi ilə razılaşmadığını bildirib

Yanvarın 31-də «Nota-bene» qəzetinin kollektivi Şüvəlandakı 3 saylı cəzaçəkmə müəssisəsinə gedərək, bu qəzetin iki il azadlıqdan məhrum edilən əməkdaşı Fərəməz Novruzoğlu ilə görüşüblər. Bu barədə «Azadlıq» radiosuna həmin nəşrin redaktoru Rəşad Sahil məlumat verib. Onun sözlərinə görə, Fərəməz Novruzoğlu son bir ay yarımda iki dəfə cərrahiyyə əməliyyatı olunduğundan onun səhhəti ilə bağlı narahatlıqlar var. Bununla belə, cənab Sahil deyir ki, Fərəməz Novruzoğlu onlarla görüşdə səhhəti ilə bağlı hər-hansı şikayət dilə gətirməyib. Sadəcə, özünün həbs edilməsi ilə razılaşmadığını bildirib.
Fərəməz Novruzoğlu yanvarın 30-da Nərimanov Rayon Məhkəməsinin hökmü ilə iki il azadlıqdan məhrum edilib. Həbsə onun «Nota-bene» qəzetinin ötən ilin dekabr saylarında «Boz kardinalın Naxçıvan yürüşü» və «Ramil Usubovun növbəti şər kampaniyası» başlıqlı məqalələri səbəb olub.