Türkiyədə jurnalist qətlə yetirilib

Jurnalist redaksiyanın yerləşdiyi ofisdən çıxarkən güllələnib

İstanbulda erməni dilində çıxan «Aqos» qəzetinin baş redaktoru Hrant Dink qətlə yetirilib.


Jurnalist redaksiyanın yerləşdiyi ofisdən çıxarkən güllələnib. Naməlum şəxslər ona odlu silahdan bir neçə dəfə atəş açıblar.


«Media Forum» xəbər verir ki, Hrant Dink Türkiyə vətəndaşıdır. O, Osmanlı İmperiyasında ermənilərin soyqırıma məruz qalmaları ilə bağlı yazılar çap etdirdiyi üçün Türkiyənin Cinayət Məcəlləsinin 301-ci maddəsi ilə 6 ay həbs olunmuşdu.


Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan «Aqos» qəzetinin baş redaktoru Hrant Dinkin öldürülməsi ilə bağlı hökumətin iclasını yarımçıq qoyaraq media üçün açıqlama verib.


Baş nazir deyib: «Bu mənfur cinayətə görə kədərimiz böyükdür. Qara əllər xain əməlləri üçün Türkiyəni seçib və qan töküblər. Bu basqın hamımıza, millət olaraq bizim birliyimizə və bərabərliyimizə qarşıdır. Demokratik yaşamımıza, söz azadlığımıza atəş açılıb. Bu kədərli xəbər üzündən toplantımızı yarımçıq buraxdıq».


Ərdoğan bildirib ki, cinayətin üstünün ən qısa zamanda açılması üçün hökumət əlindən gələni edəcək.