Bakıda yol hərəkəti qaydalarını pozanların sayı artıb

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Məhərrəm Əliyev, 18 yanvar 2007

«Statistik hesabatda qəsdən adamöldürmə cinayətlərinin 67,8 faizinin açılması qeyd edilsə də, cəmi 8 qətl hadisəsini törətmiş şəxslər hələlik müəyyən edilməyib»- bunu Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) yanvarın 18-də keçirilən müşavirədə idarənin rəisi Məhərrəm Əliyev bildirib.


Cənab Əliyev deyib ki, ötən ildən başlayaraq cinayətlərin açılması ilə bağlı yeni statistik qaydalar tətbiq olunur və bu səbəbdən paytaxtda qeydə alınmış cinayətlərin 87,5 faizi, ağır və xüsusilə ağır növlərinin isə 69,9 faizi açılıb.


«Trend» xəbər verir ki, BŞBPİ-nin rəisi Bakıda yol hərəkəti qaydalarını pozanların sayının artmasının narahatlıq doğurduğunu vurğulayıb. O, deyib ki, 2005-ci illə müqayisədə qeydə alınmış və sənədləşdirilmiş yol hərəkəti qaydası pozuntularının sayı 64,4 faiz artıb.


Müşavirədə iştirak edən Bakı şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini Heydər İbrahimov yol hərəkəti qaydaları pozuntularının artmasını avtomobillərin sayının çoxluğu, yol polis əməkdaşlarının sayının isə azlığı ilə əlaqələndirib: «Hazırda Bakıda 362 mindən artıq avtomobil qeydiyyata alınıb, bu rəqəmə uyğun olaraq 1200 yol polisi inspektoru olmalıdır, lakin hazırda şəhərdə cəmi 461 yol polisi inspektoru var».