Bəxtiyar Hacıyev azad edildi

www.susmayaq.biz saytının təsisçilərindən biri Bəxtiyar Hacıyev

www.susmayaq.biz saytının təsisçilərindən biri – Bəxtiyar Hacıyev yanvarın 15-i axşam saatlarında azad edilib.

O, «Azadlıq» radiosuna bildirib ki, onun həbsdən azad edilməsi Gənclər və İdman Nazirliyinin dəstəyi sayəsində mümkün olub. Bəxtiyar Hacıyev saxlanması və azad edilməsinin səbəbləri barədə hələlik bir şey deyə bilməyəcəyini söyləyir.


Gənclər və İdman Nazirliyinin idarə rəisi Fərhad Hacıyev deyir ki, Bəxtiyar Hacıyevin şikayəti əsasında Apelyasiya Məhkəməsi işə yenidən baxaraq Nərimanov rayon Məhkəməsinin həbs qərarını ləğv edib.


Bəxtiyar Hacıyev yanvarın 13-ü axşam saatlarında həbs olunmuşdu. Ertəsi gün – yanvarın 14-də isə o, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə polisə tabe olmamaq ittihamı ilə 12 sutka həbs cəzasına məhkum edilmişdi.


www.susmayaq.biz saytı Tarif Şurasının Azərbaycanda enerjidaşıyıcıların qiymətlərinin qaldırılması barədə yanvarın 8-də verdiyi qərara etiraz olaraq imzatoplama kampaniyasına başlamışdı. Amma, bir gün sonra – yanvarın 9-da Hollandiyadan idarə olunan bu sayta Azərbaycandan giriş bağlandı.


Bəxtiyar Hacıyev bu kampaniyadan əvvəl də «Təhsildə Rüşvətə «YOX» deyək» hərəkatının təşkilatçısı kimi etiraz piketlərində həbs olunmuşdu. O, həm də AİESEC-in – İqtisadi və İdarəetmə Fakültələri Beynəlxalq Birliyinin Azərbaycan nümayəndəliyinin sədridir.