Müsavat Partiyası mitinqin marşrutunu dəqiqləşdirdi

Yanvarın 13-də Ümid Partiyası da eyni tələblərlə mitinq keçirməyi planlaşdırır

Müsavat Partiyası yanvarın 28-də Tarif Şurasının qiymətlərin qaldırılması ilə bağlı qərarına etiraz olaraq keçirəcəyi mitinqin marşrutunu müəyyənləşdirib. Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılının «Azadlıq» radiosuna verdiyi məlumata görə, onlar metronun «Həzi Aslanov» stansiyası yaxınlığından yürüşə başlayıb, «Ukraya» meydanında mitinq keçirmək niyyətindədirlər. Partiya marşrutla bağlı yanvarın 12-də Bakı Şəhər İcra Hakimiyyətinə müraciət etməyi planlaşdırır.
Cənab Hacılı digər siyasi qüvvələrin də aksiyaya qoşulmasının əleyhinə olmadıqlarını bildirir.


Yanvarın 13-də isə Ümid Partiyası eyni tələblərlə Bakının «Nərimanov» kinoteatrı qarşısında mitinq keçirməyi planlaşdırır. Sözügedən partiyanın sədri İqbal Ağazadənin sözlərinə görə, onlar yeddi partiyaya bu mitinqə qoşulmaq üçün müraciət ünvanlayıblar: «Amma hələ ki, heç bir partiyadan cavab almamışıq».