Nicat Dağlar təkrar müayinədən keçəcək

Nicat Hüseynov baş ağırlarının səngimədiyini bildirir

«Azadlıq» qəzetinin əməkdaşı Nicat Hüseynov səhhətindəki ağrıların vaxtaşırı kəskinləşdiyini, baş ağırlarının isə səngimədiyini bildirir. Yanvarın 4-də Səhiyyə Nazirliyinin göndərişi ilə Ağciyər Xəstəlikləri İnstitutunda jurnalist təkrar müayinədən keçiriləcək.


Nicat Dağlar bildirir ki, ilkin diaqnoza görə, məndə beyin silkələməsi var: «Amma, onun dərəcəsi müəyyənləşdirilməyib. Bir həftədən çoxdur ki, analgin-dimidrol vurulur. Artıq onun da faydası yoxdur. Birdəfəlik dəqiq diaqnoz qoyulmalı və müalicə aparılmalıdır».


Jurnalist kəskin baş ağrılarına görə istintaqa təkrar ifadə verə bilmədiyini də bildirir.


«Azadlıq» qəzetində Nicat Dağlar imzası ilə yazan Nicat Hüseynov dekabrın 25-də evinin yaxınlığında dörd naməlum şəxs tərəfindən fiziki zorakılığa məruz qalıb. Jurnalist buna qədər naməlum adamlar tərəfindən yazılarına görə, hədələndiyini də deyir. Faktla bağlı cinayət işi açılıb.