«Kanal D»nin Azərbaycanda yayımı dayandırıldı

Türkiyənin «Kanal D» televiziyasının verilişlərinin Azərbaycanda yayımı dayandırıldı

Yanvarın 3-ü səhər saat 9-dan Türkiyənin «Kanal D» televiziyasının verilişlərinin Azərbaycanda yayımı dayandırıldı. «Kanal D»nin yayıldığı tezlikdə tamaşaçılara ünvanlanmış müraciət yerləşdirilib: «Hörmətli tamaşaçılar, «Kanal D» proqramının yayımı Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının 28 dekabr 2006-cı il tarixli iclas qərarına əsasən 3 yanvar 2007-ci il saat 9.00-dan etibarən dayandırılmışdır».


Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli «Azadlıq» radiosuna bildirib ki, artıq bu barədə ötən həftənin sonu «Kanal D»nin rəhbərliyinə də məktub göndərilib.


MTRŞ-nın ötən il dekabrın 28-də qəbul etdiyi qərara əsasən, 2007-ci il yanvarın 3-dən Türkiyənin «Kanal D», iyulun 1-dən STV və Rusiyanın ORT və RTR televiziyalarının Azərbaycan ərazisində yayımı dayandırılmalıdır.