Enerji alınması ilə bağlı danışıqlar başa çatıb

Azərbaycanın illik enerji ehtiyacı 23 milyard kilovatdan artıqdır

Rusiyanın RAO «EES» şirkəti ilə «Azərenerji» Səhmdar Cəmiyyəti arasında 2007-ci il üçün elektrik enerjisinin alınmasıyla bağlı danışıqlar dekabrın 30-da başa çatıb.

«Azərenerji» Səhmdar Cəmiyyətinin vitse-prezidenti Marlen Əsgərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, 2007-ci ilin martına qədər Azərbaycan Rusiyadan elektrik enerjisini köhnə qiymətlərlə alacaq. Rusiya pik saatlarında Azərbaycana 200-250 meqavat enerji ötürməyə razılıq verib. Mart ayından sonra tərəflər alınacaq enerjinin həcmi və qiyməti ilə bağlı danışıqları davam etdirəcəklər.


RAO «EES» şirkəti ilə «Azərenerji» arasında müqavilə ötən ayın 27-də bağlanmalıydı, amma rusiyalı nümayəndələr gəlmədiyindən danışıqlar bir neçə dəfə təxirə salınmışdı.


Hazırda Azərbaycan Rusiyadan pik saatlarında 300 meqavat elektrik enerjisi alır. Rusiya 2007-ci ildən qiymətləri qaldırmaqla yanaşı, Azərbaycana verilən gündəlik elektrik enerjisinin həcmini 60 meqavata endirmək istəyir.


Rusiyadan alınan elektrik enerjisinin 1 kilovatına Azərbaycan 3,6 sent ödəyir. Yeni müqavilədə isə Rusiya elektrik enerjisinin 1 kilovatını 4,1 sentə satmaq istəyir. «Azərenerji» isə bununla razı deyil və qiymətlərin əvvəlki kimi qalmasını istəyir.


Azərbaycanın illik enerji ehtiyacı isə 23 milyard kilovatdan artıqdır.