Enerji alınmasıyla bağlı danışıqlar başa çatmaq üzrədir

Azərbaycanın illik enerji ehtiyacı isə 23 milyard kilovatdan artıqdır

Rusiyanın «RAO» EES şirkətilə Azərbaycanın «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti (ASC) arasında 2007-ci il üçün enerji alınmasıyla bağlı dekabrın 26-dan başlayan danışıqlar hələlik bir nəticə verməyib. «Azərenerji» ASC-nin vitse-prezidenti Marlen Əsgərovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, Rusiyadan alınacaq elektrik enerjisinin həcmi, qiyməti və s. məsələlərlə bağlı müzakirələr ya bu gün, ya da sabah başa çatacaq.

Tərəflərin razılaşmaya yaxın olub–olmaması barədə suala gəlincə, cənab Əsgərov danışıqlar başa çatmadığından konkret məlumat verməkdə çətinlik çəkdiyini bildirdi.


«RAO» EES şirkətilə «Azərenerji» ASC arasında müqavilə ötən ayın 27-də bağlanmalıydı, amma rusiyalı nümayəndələr gəlmədiyindən danışıqlar bir neçə dəfə təxirə salınmışdı. Rusiya ilə Azərbaycan arasında yeni müqavilə imzalanmadığından bu ölkədən ötürülən elektrik enerjisinin istənilən vaxt kəsilə biləcəyini əsas götürən «Azərenerji» ASC İranla danışıqlar aparıb.


Hazırda Azərbaycan Rusiyadan gündəlik pik saatlarında 300 meqavatt elektrik enerjisi alır. Rusiya 2007-ci ildən qiymətləri qaldırmaqla yanaşı, Azərbaycana verilən gündəlik elektrik enerjisinin həcmini 60 meqavata endirmək istəyir.


Rusiyadan alınan elektrik enerjisinin 1 kilovatına Azərbaycan 3,6 sent ödəyir. Yeni müqavilədə isə Rusiya elektrik enerjisinin 1 kilovatını 4,1 sentə satmaq istəyir.


Azərbaycanın illik enerji ehtiyacı isə 23 milyard kilovatdan artıqdır.