Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsi onun həyatından narahatdır

Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib

Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsi sabiq İqtisadi İnkişaf nazirinin həyatına təhlükə ola biləcəyindən narahatdır. Dekabrın 27-də sözügedən qurumun yaydığı bəyanatda cənab Əliyevlə bağlı tibbi müayinələrin nəticələrinin onun yaxınlarına və Müdafiə Komitəsinə verilməməsindən narahatlıq ifadə olunur.

Sənəddə bildirilir ki, istintaq altında olan şəxslərin sağlıq durumu haqqında məlumatlar istintaq sirri sayılmadığından, aparılan müayinələrin nəticələrinin gizli saxlanılması bir sıra şübhələrin yaranmasına səbəb olur. Digər tərəfdən, bəyanatda müayinələrin vəkillərin iştirakı olmadan keçirilməsinin də başa düşülən olmadığı bildirilir.


Komitəni narahat edən əsas məqamlardan biri də İqtisadi İnkişaf Nazirliyinin keçmiş departament rəhbəri Əlihüseyn Şalıyevin məhz Ədliyyə Nazirliyinin müalicə müəssisəsində intihar etməsidir. Qurum intiharın hansı səbəblərdən baş verməsinin üzə çıxarılmasını istəyir.


Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsi müvafiq qurumları müayinələri sadəcə, kiməsə arayış verilməsi üçün deyil, məhz sabiq nazirin səhhətindəki ciddi problemlərin aradan qaldırılması üçün aparmağa çağırır.


Dekabrın 16-da 12 nəfərlik həkim briqadası Fərhad Əliyevi müayinə edib, bundan sonra Milli Təhlükəsizlik Nazirliyi məlumat yayaraq, keçmiş nazirin səhhətində hər hansı problemin olmadığını və onun hüquqlarını müdafiə edənlərin bu məsələni qəsdən ortalığa atdığını bildirib.


Fərhad Əliyev 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.