Borclu abonentlərə xəbərdarlıq edildi

«Bakıelektrikşəbəkə» bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq

Dekabrın 26-sı günortadan sonra borclu abonentlərin işiğı kəsilə bilər. Bunu «Bakıelektrikşəbəkə» Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat Xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyir. Onun sözlərinə görə, borclu abonentlərə borclarını ödəmək üçün verilən son müddət dekabrın 26-sı saat 14-də bitir. Bu vaxta qədər işıqpulunu ödəməyənlərə elektrik enerjisinin verilməsi dayandırılacaq. Cənab Mustafayev bildirir ki, xəbərdarlıqla yanaşı, ASC bayram günləri hər bir abonenti fasiləsiz elektrik enerjisilə təmin edəcəyinə də söz verir. Onun sözlərinə görə, «Bakıelektrikşəbəkə» bayram günləri gücləndirilmiş iş rejimində çalışacaq.


Azərbaycanın 46 rayonunu elektrik enerjisilə təmin edən «Azərenerji» Açıq Səhmdar Cəmiyyəti (ASC) isə əhaliyə hər hansı xəbərdarlıq etməyib. Enerji pulunun ödənilməsinin hər vaxt aktual olduğunu deyən ASC-nin Enerji Təchizatı İdarəsinin rəisi Hidayət Yarıyev bildirir ki, bayram günlərində fasiləsiz enerji təminatıyla bağlı da vətəndaşlara söz verilməyib.


Bir qədər əvvəl enerji pullarının ödənilməsində problemlər olduğundan «Azərenerji» ASC 46 rayonun icra hakimiyyətinə xəbərdarlıq məktubu göndərmişdi.