İran prezidenti BMT qətnaməsini «kağız parçası» adlandırıb

Prezident Əhmədinejad ölkəsinin uranın zənginləşdirilməsini sürətləndirəcəyini bildirir

İran uranın zənginləşdirilməsini sürətləndirəcək və Natanz zavodunda 3 min sentrifuqanı işə salacaq. Bu, İranın BMT Təhlükəsizlik Şurasının qətnaməsinə cavabıdır. Bu haqda nüvə proqramıyla bağlı danışıqlarda İranı təmsil edən Əli Laricaniyə istinadən «Keyhan» qəzeti yazıb.


3 min sentrifuqanın işə salınması uranın zənginləşdirilməsində mühüm addımdır. Qərb ehtiyatlanır ki, İran bundan istifadə edib atom bombası hazırlaya bilər. İran isə bu ittihamları rədd edir.


Prezident Mahmud Əhmədinejad BMT-nin qətnaməsini «kağız parçası» adlandırıb. O, qətnaməyə səs verən tərəflərə müraciət edərək, bunları deyib: «Bu qətnamə təkcə İrana ziyan vurmayacaq, siz bu qondarma və gərəksiz hərəkətdən çox peşman olacaqsız».


BMT İranla bağlı qətnaməni dekabrın 23-də qəbul edib. Qətnaməyə görə, İrana uranın zənginləşdirilməsində istifadə oluna bilən materialları satmaq qadağan olunub. Eyni zamanda İranın nüvə proqramına aidiyyatı olan təşkilatların hesabları da dondurula bilər.


İsrail BMT-nin İranla bağlı qətnaməsini alqışlayıb. Baş nazir Ehud Olmert deyib ki, qətnamə İranın nüvə proqramını dayandırmağa kömək edəcək. İsrail iddia edir ki, İran atom bombası düzəldib ona qarşı istifadə etmək istəyir. İran bu iddianı əsassız sayır.