Əsir düşən əsgər geri qaytarıldı

Azərbaycan döyüşçüləri, 1992

Erməni silahlı qüvvələrinin əsir götürdüyü Azərbaycan Ordusunun əsgəri Vüsal Qaraçayev dekabrın 23-də Azərbaycana qaytarılıb.


Müdafiə Nazirliyi mətbuat xidmətinin əməkdaşı İlqar Verdiyevin «Azadlıq» radiosuna verdiyi məluma görə, əsir əsgərin qaytarılması Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının vasitəçiliyi ilə reallaşıb. Günün birinci yarısında Azərbaycana qaytarılan əsgərin səhhətində heç bir problem olmadığı bildirilir.


İlqar Verdiyev deyir ki, əsir yeni qaytarıldığından, onun ailəsi ilə görüşməsinə müəyyən proseduralardan sonra icazə veriləcək.


Müdafiə Nazirliyinin məlumatına əsasən, Vüsal Qaraçayev bu il dekabrın əvvəllərində azaraq işğal olunmuş Azərbaycan torpaqlarına keçib və bu zaman erməni silahlı qüvvələrinə əsir düşüb.


Erməni mənbələri isə əsgərin könüllü şəkildə əsir düşdüyünü və geri qayıtmaq istəmədiyini bildirirdilər.


Dekabrın 20-də ombudsman Elmira Süleymanova əsgərin mümkün qədər tez Azərbaycana qaytarılmasına yardımçı olması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Yakob Kellenberqə müraciət etmişdi.