Avropa Birliyi hökuməti mətbuata qorxusuz mühit yaratmağa çağırır

AB Azərbaycanda mətbuat azadlığının vəziyyətini izləməkdə davam edəcək

Avropa Birliyi (AB) Azərbaycanda mətbuat azadlığına təsir edən son hadisələrlə bağlı narahatlığını bildirib. Almaniyanın Azərbaycandakı səfirliyinin yaydığı sənəddə qeyd edilir ki, son vaxtlar müstəqil jurnalistlərə və müxalifət xadimlərinə qarşı zorakılıq, həbs və məhkəmə halları baş verib.


AB Azərbaycan hökumətini mətbuat üçün elə bir mühit yaratmağa çağırır ki, media orada sərbəst, qorxusuz və səmərəli fəaliyyət göstərə bilsin. Sənəddə vurğulanır ki, mətbuat azadlığının məhdudlaşdırılması Avropa Birliyi ilə Azərbaycan arasında imzalanan «Qonşuluq Siyasəti» Proqramı, eləcə də insan haqları, fundamental azadlıqlar və beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəliklərlə tamamilə ziddiyyət təşkil edir.


Amma bununla yanaşı, birlik Milli Televiziya və Radio Şurasının ANS-in yayımını bərpa etməsinə şərait yaratmasını da alqışlayır. Sənəddə qeyd edilir ki, AB Azərbaycanda mətbuat azadlığının vəziyyətini izləməkdə davam edəcək.