Saparmurad Niyazov dekabrın 24-də dəfn olunacaq

Türkmənistan prezidenti Saparmurad Niyazov

Türkmənistan prezidenti Saparmurad Niyazov (Türkmənbaşı) dekabrın 20-dən 21-nə keçən gecə saat 1.10 radələrində vəfat edib. Bu barədə Türkmənistanın dövlət televiziyası rəsmi məlumat yayıb. Məlumatda bildirilir ki, Saparmurad Niyazovun qəflətən ürəyi dayanıb.


Dövlət televiziyası ilə çıxış edən Türkmənistan Dövlət Təhlükəsizlik Şurasının, Nazirlər Kabinetinin üzvləri, parlamentin deputatları prezidentin türkmən xalqının böyük oğlu olduğunu qeyd ediblər.


Türkmənistan prezidenti 1997-ci ildə ürəyindən əməliyyat olunmuşdu. Niyazov ilk dəfə olaraq keçən ay ölkə ictimaiyyətinə ürəyinin xəstə olduğunu bildirmişdi.


Türkmənistan dövlət televiziyasının aparıcısı məlumat verib ki, ölkədə 7 günlük matəm elan olunub. Prezident dekabrın 24-də dəfn olunacaq.


Safarmurad Niyazov 1940-cı il fevralın 19-da Aşqabadda anadan olub. Leninqrad Politexnik İnstitutunu bitirib. Müxtəlif sahələrdə çalışan Saparmurad Niyazov Türkmənistan Sovet Respublikasının Nazirlər Sovetinin sədri vəzifəsində işləyib. 1985-ci ilin dekabrında Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Niyazov 1990-cı ildə prezident seçilib.