Minimum aylıq əmək haqqının məbləği artırıldı

İndiyədək minimum aylıq əmək haqqı 30 yeni manat idi

Yanvarın 1-dən Azərbaycanda minimum aylıq əmək haqqının məbləği 40 manat olacaq. Bu haqda prezident İlham Əliyev dekabrın 19-da fərman imzalayıb. Sənəddə deyilir ki, bu, ölkədə vətəndaşların rifahını yaxşılaşdırmaq, onların pul gəlirlərini artırmaq və aztəminatlı əhalinin sosial müdafiəsini daha da gücləndirmək məqsədi daşıyır.


İndiyə qədər Azərbaycanda minimum aylıq əmək haqqı 30 yeni manat idi.


Prezident İlham Əliyev bir sıra çıxışlarında Azərbaycanda minimum aylıq əmək haqqı məbləğinin 50 ABŞ dollarına qədər artırılacağını bildirib.


Ölkə başçısının dekabrın 19-da imzaladığı digər sərəncamla isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinət 2007-ci il yanvarın 1-dən 50 faiz artılıb.