ABŞ-ın yeni müdafiə naziri hərbi and içib

ABŞ-ın yeni müdafiə naziri Robert Qeyts vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib

Amerikanın yeni müdafiə naziri Robert Qeyts yeni müharibə strategiyasını müzakirə etmək üçün bu yaxınlarda İraqa gedəcək. Yeni nazir ölkəsinin müdafiə siyasətini davam etdirəcəyinə dair hərbi and içib. Yeni nazir İraqdakı hərbi siyasəti bu ölkədə qulluq edən Amerika hərbçiləri ilə müzakirə edəcəyini söyləyib: «Mən səbirsizliklə gözləyirəm ki, onlardan bölgədəki vəziyyət haqqında ədalətli məlumat alım. Gözləyirəm ki, İraqdakı Amerika hərbçiləri mənə düzgün məsləhət verəcəklər ki, bundan sonrakı həftələrdə, bundan sonrakı aylarda işimizi necə davam etdirək».


ABŞ-ın müdafiə naziri Robert Qeyts vaxtilə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik edib. Prezident Buş Donald Ramsfeldin istefasını keçən ay-konqresə seçkilərdən bir gün sonra elan edib. ABŞ qanunverici orqanına seçkiləri demokratlar uddular. Müşahidəçilərin fikrincə, amerikalılar Buşun İraqdakı siyasətinə etiraz etdiyindən demokratlara səs verdilər.