Hərbi xidmətdən möhlət hüququnun ləğvi barədə layihə müzakirədən çıxarıldı

Layihənin yaxın vaxtlarda MM-də müzakirəsi gözlənilmir

«Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna prezidentin təklif etdiyi dəyişikliklər Milli Məclisin (MM) gündəliyindən çıxarılıb. Parlamentin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasının üzvü Zahid Oruc deyir ki, layihədə mübahisəyə səbəb olan məsələlər var idi: «Xüsusilə üç övladı olan şəxslərin, aspirantura və magistraturaya sənəd vermək üçün möhlət hüququnun ləğv edilməsi və s. məqsədəmüvafiq sayılmayıb».


Cənab Oruc deyir ki, layihə komissiyada mübahisələrə səbəb olduqdan sonra ölkə başçısı müvafiq qurumların bir araya gəlib, bu məsələni yenidən müzakirə etməsinə göstəriş verib.


Millət vəkili onu da bildirir ki, layihənin yaxın vaxtlarda MM-də müzakirəsi gözlənilmir.


Dekabrın 13-də Milli Məclisin Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyasında «Hərbi xidmətə çağırışın əsasları haqqında» qanuna prezidentin təklif etdiyi dəyişikliklər müzakirə olunub. Bu dəyişikliklərdə himayəsində birinci və ya ikinci qrup əlil valideyni olan gənclərə, övladlarının sayına görə ataya hərbi xidmətdən möhlət hüququ verilməsinin ləğvi, həmçinin ali təhsilli çağırışçıların xidmət müddətinin 1 ildən 1 il 6 aya qədər uzadılması təklif edilirdi.