Hüquq müdafiəçiləri Qobustan həbsxanasından narazı döndülər

Qobustan həbsxanası

Hüquq müdafiəçilərinin Qobustan Qapalı Təcridxanasında apardığı monitorinqdə həbsxanadakı şəraitlə bağlı bir sıra iradlar qeyd edilib və Ədliyyə Nazirliyinin rəhbərliyinə tövsiyələr öz əksini tapıb. Sənəd dekabrın 13-də Ədliyyə naziri yanında İctimai Komitənin toplantısında müzakirə edilib.

Hüquq müdafiəçisi Çingiz Qənizadə «Azadlıq» radiosuna bildirib ki, əsas iradlar saxlanma şəraitinin və yeməyin standartlara cavab verməməsi ilə bağlıdır: «Hətta bəzi vərəmli məhbusların başqa məhkumlarla eyni kamerada saxlanması böyük narahatlıq doğurub». Hüquq müdafiəçiləri sənədi dekabrın 15-də Ədliyyə Nazirliyinə təqdim etmək niyyətindədirlər.

Ədliyyə Nazirliyində isə İctimai Komitənin hazırladığı hesabata münasibət bildirməyə tələsmirlər. Nazirliyin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Faiq Qurbanov deyir ki, sənəd nazir Fikrət Məmmədova rəsmən təqdim edildikdən sonra ona münasibət bildiriləcək.


Hökumət nümayəndələri və bir sıra hüquq müdafiəçilərinin daxil olduğu İctimai Komitə 2006-cı ilin sentyabr ayında yaradılıb.