Dekabrın 12-də polis gücləndirilmiş rejimdə çalışacaq

Heydər Əliyev 2003-cü ilin dekabrın 12-də vəfat edib

Dekabrın 12-də səhər saat 8-dən axşam 18-dək Daxili İşlər Nazirliyi Çevik Polis Alayının bir neçə bölüyü, eləcə də, Bakı şəhərindəki Yasamal və Səbail rayon Polis İdarələri gücləndirilmiş iş rejimində çalışacaqlar. Polis həmin gün keçmiş prezident Heydər Əliyevin vəfatının ildönümündə Fəxri Xiyabana ziyarətə gələnlərin təhlükəsizliyini təmin edəcək və qayda-qanun yaradacaq.

Bu haqda «Azadlıq» radiosuna məlumat verən Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Şamil Seydli deyir ki, Fəxri Xiyabana gediş-gəlişi çətinləşdirməmək üçün Yasamal və Səbail rayonlarında nəqliyyatın hərəkəti də məhdudlaşdırılacaq.


Heydər Əliyev 1993-2003-cü illərdə Azərbaycanın dövlət başçısı olub. Bundan əvvəl isə o, Sovet Azərbaycanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri, Mərkəzi Komitənin birinci katibi, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü olub, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifələrində çalışıb.


Heydər Əliyev 2003-cü ilin dekabrın 12-də vəfat edib.