Müstəqillik, Konstitusiya və Dirçəliş günləri istirahət olmayacaq

Həmrəylik Günü və Qurban bayramı istirahət günlərinə düşdüyü üçün yanvarın 5-nə kimi istirahət olacaq

Milli Məclisin dekabrın 8-də keçirilən iclasında Əmək Məcəlləsinə dəyişikliklər edildi. Həmin dəyişikliyə görə, 18 oktyabr Müstəqillik Günü, 12 noyabr Konstitusiya Günü və 17 noyabr Dirçəliş Günü bayram günləri kimi qalsalar da, istirahət günü olmayacaq. Dəyişikliklərlə bağlı sənədi təqdim edən Sosial Siyasət Daimi Komissiyasının sədri Hadı Rəcəbli bildirdi ki, Novruz bayramında beş gün, Qurban və Ramazan bayramlarında isə hərəsi iki gün olmaqla istirahət günü olacaq. Komissiya sədri dedi ki, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Qurban bayramı istirahət günlərinə düşdüyü üçün yanvarın 5-nə kimi istirahət olacaq.


Məsələnin müzakirəsi zamanı deputatlar arasında ciddi fikir ayrılığı yarandı. Müsavatın deputat qrupundan Pənah Hüseyn, Arzu Səmədbəyli və Fazil Qəzənfəroğlu 18 oktyabr Müstəqillik Gününün bayram kimi qeyd olunmaması haqda dəyişikliyin siyasi qərar olduğunu bildirdilər. Bir çox millət vəkilləri də bu dəyişikliyi bayramlara münasibətdə ayrı-seçkiliyin olması ilə izah etdilər. Millət vəkili İqbal Ağazadə: «18 oktyabr olmasaydı, heç bir başqa bayramlar da olmazdı». Məsələyə münasibət bildirən bəzi deputatlar isə bu dəyişikliyin Əmək Məcəlləsinin yox, başqa qanunun predmeti olduğunu dedilər.


Layihə birinci dəfə səsə qoyularkən yetərsay olmadığından müzakirələr davam etdirildi. İkinci səsvermədə isə 82 nəfər lehinə, 10 nəfər əleyhinə olmaqla dəyişiklik qəbul olundu.