Telefon danışıqları məhkəmə qərarı ilə dinlənə bilər

«Azərbaycanda telefon danışıqları yalnız məhkəmə qərarları olanda dinlənilə bilər».

Bunu AzadlıqRadiosuna Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə deyib.

Bu yaxınlarda «Freedom House» təşkilatının yaydığı hesabatda deyilirdi ki, «Azərbaycanda çoxları əmindir ki, Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri telefon danışıqlarını dinləyir, internetlə ünsiyyəti izləyir.

Məsələn, bir dəfə Milli Təhlükəsizlik Nazirliyi «Eurovision» mahnı müsabiqəsində erməni iştirakçıya səs verməyə görə 43 nəfəri sorğu-sual edib».

E. Vəlizadə isə hesabatda deyilənlərin reallığa söykənmədiyini, ümumilikdə, ölkədə telefon danışıqlarının dinlənilmədiyini deyib.