Rüstəm İbrahimbəyovun filmi nüfuzlu mükafata layiq görüldü

Tanınmış azərbaycanlı rejissor Rüstəm İbrahimbəyovun “Kabusun gözüylə” filmi Rusiyanın nüfuzlu kino mükafatına – “Nika”ya layiq görülüb.

Mükafatlandırma mərasimi Moskva Operetta Teatrında keçirilib.

Film “MDB və Baltikyanıdan olan xarici film” nominasiyasında qalib elan edilib.

Azərbaycan-Fransa istehsalı olan “Kabusun gözüylə” – çoxdan özünü vətənində təsdiqləmiş 50 yaşlı fransız aktyorla sənətdə ilk addımlarını atan gənc azərbaycanlı aktrisanın romantik münasibətlərindən bəhs edir.

Hadisələr 1990-cı ilin yanvarında baş verir. Fransız aktyor sovet imperiyasının buxovlarından qurtulmağa çalışan respublikanın müstəillik uğrunda mübarizəsini dəstəkləmək üçün Bakıya gəlir və... burada özündən 20 yaş kiçik olan gənc aktrisaya vurulur.

Əsas rolları Rişar Marten, Timur Bədəlbəyli, Fatimə İbrahimbəyova, Şükufə Yusupova, Mələk Abbaszadə ifa edirlər.

Filmin Parisdə də prezentasiyası olmuşdu.

Nika - Rusiya Kinomatoqrafiya Akademiyasının milli mükafatıdır. Rusiya, MDB və Baltikyanı ölkələrin ən nüfuzlu kino mükafatı sayılır.

1987-ci ildə SSRİ Kinomatoqrafları İttifaqı tərəfindən Amerikanın "Oskar" mükafatı nümunə götürülərək yaradılıb.

Mükafatın təsisçisi və rəhbəri Yuliy Qusmandır.

R.İbrahimbəyovun ssenari müəllifi olduğu «Утомлённые солнцем» filmi isə (Rusiya-Fransa istehsalı) 1994-cü ildə dünyanın ən nüfuzlu kino mükafatına - "Oskar"a layiq görülmüşdü ("Ən yaxşı xarici film" nominasiyasında).

Həmin film 47-ci Kann Festivalının da Böyük Prizinə layiq görülmüşdü.