Sunamidən sonra bir yapon ailəsi


SUNAMİDƏN SONRA VƏZİYYƏT


Seiko Taira zəlzələ və sunamidən bu yana ailəsi ilə birlikdə ağır şəraitdə yaşayır. Oğlanları odun yığmağa gedib. Özü isə qızı ilə birlikdə bataqlıdan su çəkir. Nəvəsi isə gündə bir dəfə bələdiyyədən göndərilən yeməyi gözləyir.

Göndərilən yemək adambaşına bir neçə parça çörəkdən, bir neçə balıq konservindən və bir stəkan hazır əriştədən ibarətdir. Ancaq Seikonun dörd yaşlı nəvəsi bu gün gözlənilməz sürprizlə qarşılaşmışdı. Həmişə göndərilən ərzaq payının içində əlavə olaraq üç qutu qatıq da vardı. Uşaq «Ana, mən qatıq yeyə bilərəm» deyib anasına yalvarırdı. Anası isə deyirdi ki, «indi yesən, sabaha heç bir şeyin qalmayacaq»

«GAMAN» (SƏBİR) ƏXLAQI

Yüz minlərlə yapon indi yaşamaq üçün şığınacaqlara axın edir. Öz evlərində qalanlar isə unudulacaqlarından qorxurlar. Çünki çox adam sunamidən sonra başının çarəsinə baxmaq məcburiyyətində qalıb. Onlar yaponların «gaman» (səbir) əxlaqını üstün tutub başlarına gələn fəlakətə mətanətlə üstün gəlməyə çalışırlar.

Üzündə hələ də təbəssüm olan 54 yaşlı Taira deyir ki, Yaponiyanın bu bölgəsinin adamları çox səbirlidir. Taira əvvəllər Yaponiyanın rəsmi yoxsulluq səviyyəsi göstəricisi həddində yaşayıb. Ancaq indi əlində pulu olsa da mağazaların çoxunu ya dalğalar yuyub aparıb, ya da boşdur.

Taira zəlzələdən əvvəl qocalar evində yarım gün işləyirmiş. Ayda 500 dollar qazanırmış. O, Yaponiyanın belə vəziyyətə düşəcəyinə inana bilmir: «Heç ağlıma gəlməzdi ki, belə bir vəziyyətə düşəcəyik».

VİCDAN ƏZABI...


Taira və 17 yaşlı qızı Yumi dağıntılardan sonra qalmış hər şeyi eşələyib baxırlar ki, görsünlər işlərinə yaraya biləcək bir şey tapa bilərlər, yoxsa, yox. Bir dəfə böyük bir qazan tapıblar. İndi həmin qazandan su qaynatmaq üçün istifadə edirlər. Taira deyir ki, başqasının qazanını götürdüyü üçün vicdan əzabı çəkir.

Taira martın 11-də baş verənləri qapqara bir divar kimi xatırlayır. O 400 nəfərlik əhalisi olan qəsəbədə yaşayırmış. Həmin gün bələdiyyə binasında köməksiz vəziyyətdə qalıb. Yalnız bir neçə gündən sonra təpəni aşıb evinə gələ bilib. Onunla yaşayan qızı Yumini, o biri qızını, nəvəsini və və iki oğlunu da tapıb. Fəlakətin ilk həftəsində ərzaqdan çətinlik çəkməyiblər. Çünki zəlzələ olan gün o səhər tezdən yaxşı bazarlıq edibmiş.

Ərzaq qutarandan sonra isə Taira bələdiyyədən kömək istəyib-istəməmək haqqında çox fikirləşib. Əvvəlcə kömək istəməklə bağlı ailəsinin təklifini qəbul etməyib. Sonradan radiodan eşidəndə ki, bəs zəlzələdən zərər çəkənlər yardım alır, o da yardım üçün müraciət edib.

«TƏRƏVƏZ HAQQINDA ÇOX ŞEY ÖYRƏNİRƏM»


Həmin müraciətdən sonra onlara gündə bir dəfə ərzaq verirlər. Bu ağır günlərin birində Tairanın nəvəsi Riku Kanno «Mən dinozavram» deyib sevincək bir çörəyi yeyib. Rikunun anası Satomi Kanno isə oğlu üçün indi ona çox əlçatmaz görünən şokalad və meyvə şirəsini necə tapıb vermək haqqında fikirləşir.

Ailə həsrətlə yazın gəlməsini də gözləyir. Çünki havalar isinəndə yazda çıxan yabanı göy-göyərtidən, tərəvəzdən yığıb yeyəcəklər. Qurumaq üçün asılmış paltarlarla dolu otaqda oturan Taira deyir ki, başımıza bu fəlakət gələndən tərəvəz yeməmişəm. Ona görə də yaşlı qonşularımdan yığacağımız yabanı göyərti, tərəvəz haqqında indidən çox şey öyrənirəm.

Sayta hazırladı: Kəbiran Dilavərli