Şəhriyar Hacızadə. 11-ci palata














Milli Nəğmələr


- Anacan, oğlun şəhid oldu.
- Bıy səni şadxəbər olasan ay bala...
naxatar alacam başına dönüm?
evdə hələ dördü durur,
hamısı qurbandı vətənə!

***

- Rüşvətxorluğa görə həbs olunursan!
- Qadan alım, al bu iki mini.
- Səfehləmə, min bəsdi...
axırıncı dəfə olsun!!!

***

- Oğlum sənə dedim axı,
3-qırx manat, 4-əlli!
- məllim, kirayə pulun verə bilməmişəm,
iki gündü vağzalda yatıram.
- bala, başa düş,
indi sənin ucbatından
rektorun qızı “şanel 5” vurmasın?!

***

- De görüm evdə-eşikdə nə var, nə yox?
- Sağlıqdı atacan,
yumurtadan yeyib yatırıq.
- Allaha çox şükür ay bala,
Allaha şükür!



A...A...A

Afrika, Tripoli, 1922,sentyabr
...........+58C
Antraktida, Vostok Elmi Stansiyası, 1983, iyul
...........-89C
Azərbaycan, Bakı şəhəri, 2008, dekabr
............Sən!
2010... 30 noyabr,
biz hələ də Vostokdayıq,
həm də 1983-ün iyulunda.
nə qədər cütlüklərsə Tripolidən bezib.
gedirəm İmişliyə,
gəl,
2 dekabr 2010
saat 21:00
dəmiryol vağzalı...


22-ci əsr

- Nədi?
tanımadın məni?
sənə albom alan oğlanam.
- .....................?
Həə...sarı-qırmızı üzlü...
üstündə gülümsəyən
qoşa pişik şəkli...
eşitdim...?
- ,,,,,,,,,,,,,,,,,,,,,,!
- Allah rəhmət eləsin.
- ......................?
- heç,sadə müəllim!
- ......................?
- yox, yox, əsanı elə-belə götürmüşəm,
ayaqlarım yerindədi.
- ......................?!
- təqaüd nədənsə gecikir...
gəl biraz gəzişək.
belə-belə işlər...


11-ci palata

nə mən sən deyən ata oldum,
nə sən mən deyən ana.
yuxularıma belə gəlmə daha!
bilirəm bu sətirlər qaytarmaz bizi,
qızıma da nənəmin adın qoymuşam...
məktublarımı yandıra bilərsən!
gözün aydın,telefonunu itirdim,
indi adını yazıb
üstündən xətt çəkməklə məşğulam.
üzünü elə unutmuşam
görüb təzədən vurula da bilərəm.
özündən çox gülüşlərinçün darıxmışam...
gülüşlərinçün.
Eeey... Danimarka unudub bizi.
Tivoli parkının açılmağına
cəmi bircə ay qalıb.
nəydi o nağılçının adı? - Andersen?
yoo-ox, bu nağıl deyil,
sənə yazdığım son şeirdi,şeir...
aha!-qapı döyülür,
yəqin tibb bacısıdı...