Jurnalist Ramin Deko oğurlandığını deyir

Ramin Deko

Aprelin 3-ü səhər saat 10 radələrində «Azadlıq» qəzetinin müxbiri Ramin Dekonu deməsinə görə, üç mülkigeyimli şəxs Maştağa bağları ərazisinə aparıb.

Müxbir AzadlıqRadiosuna bildirib ki, yolboyu ona ağıllı olmaq məsləhət görülüb. Daha sonra da deməsinə görə, tanımadığı bir evdə saat 16:00-a qədər onunla hakimiyyətin siyasətini tərifləyən söhbətlər olunub. Müxbir deyir ki, müxalifətin aksiyalarında aktivlik göstərdiyini bildiriblər və ona bu kimi hərəkətlərdən əl çəkmək tövsiyə olunub:

«Mənə dedilər ki, sənə məsləhət görürük «Yeni Azərbaycan» qəzetində işləyəsən, onda sənə yaxşı şərait yaradılacaq. Mənə zor tətbiq olunmadı, amma mənəvi təzyiqlər edirdilər. Məni Bakının Rəsulzadə qəsəbəsində köşkdən qəzet alanda 2107-«Jiquli» markalı maşına mindirdilər və dərhal da telefonumu əlimdən alıb söndürdülər».

Ramin Deko deyir ki, təxminən 6 saat sonra onu xarici markalı avtomobildə Binəqədi ərazisində düşürüblər:

«Məni qara rəngli xarici avtomobildə gətirdilər. Yolda deyirdilər ki, özünü yaxşı aparsan, «Azadlıq» qəzetindən çıxsan, sənin də belə xarici maşının olacaq».

Ramin Deko deyir ki, hüquq-mühafizə orqanlarına şikayət etməklə bağlı hələ yekun qərara gəlməyib. Amma Müdafiə Hüquqları İnstitutuna müraciət etməyə hazırlaşır.

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə AzadlıqRadiosuna deyib ki, belə bir hadisə olubsa, jurnalist araşdırma aparılması üçün ərazidəki polis idarəsinə və ya 102 xidmətinə müraciət etməlidir.

Martın 25-dən 26-a keçən gecə isə «Azadlıq» qəzetinin digər müxbiri Seymur Həziyev deməsinə görə, 6 maskalı şəxs tərəfindən oğurlanaraq təzyiqlərə məruz qalmışdı.

Daxili İşlər naziri Ramil Usubov baş verən hadisədən sonra redaktorlarla görüşündə məsələni şəxsən nəzarətə götürdüyünü bildirmişdi.