Eynulla Fətullayevin iddiası ilə bağlı məhkəmə təxirə salınıb

Eynulla Fətullayev

Həbsdə olan jurnalist Eynulla Fətullayevin Baş prokuror Zakir Qaralova qarşı qaldırdığı iddiaya dair Səbail rayon Məhkəməsində martın 29-na təyin olunmuş hazırlıq iclası təxirə salınıb.

E. Fətullayevin vəkili Anar Qasımov AzadlıqRadiosuna bildirib ki, səbəb məhbus-jurnalistin iclasda iştirakının təmin olunmamasıdır.

«Eynulla Fətullayev vəkillərinin onun iştirakı olmadan məhkəməni aparmasına razı deyil. Hakim onun məhkəmədə iştirakının təmin olunmasına çalışır və bunun üçün Fətullayevin cəza çəkdiyi 1 saylı cəzaçəkmə müəssisəsinə məktub da göndərib. Böyük ehtimalla Eynulla Fətullayevin məhkəmə prosesində iştirakı təmin olunacaq», - vəkil söyləyib.

Hazırlıq iclası aprelin 7-nə təyin olunub.

Eynulla Fətullayevin iddia ərizəsi «Təqsirsizlik prezumpsiyası hüququnun pozulmasına görə üzr istənilməsi tələbinə dair» adlanır. Jurnalist ərizədə göstərib ki, ona qarşı terrorçuluq maddəsi üzrə aparılmış istintaq zamanı Baş prokuror Z. Qaralov mətbuata verdiyi açıqlamasında onun təqsirsizlik prezumpsiyası hüququnu pozub. İctimai rəydə onun təqsirli olmasına dair mütləq fikir yaradıb. Lakin 2010-cu ilin sonunda həm Avropa İnsan Haqları Məhkəməsinin, həm də Ali Məhkəmə Plenumunun qanuni qüvvəyə minmiş qərarları ilə onun barəsindəki terrorçuluq ittihamı ləğv olunub.

İndi məhbus-jurnalist Baş prokurorun mətbuat vasitəsilə ondan üzr istəməsini tələb edir.