NATO Liviya əməliyyatına komandanlığı ələ alır

NATO BMT-nin qərarı ilə Liviya üzərindən uçuşlara qadağa qoyulmasına dair əməliyyatlara rəhbərliyi ABŞ-dan almağa razılaşıb.

BMT-nin qərarı ilə icrasına artıq başlanmış qadağa qərarını NATO alyansı da təsdiq edib.

Alyansın Baş katibi Anders Fogh Rasmussen bildirib ki, əməliyyatın qalan hissələrini yenə də əvvəlki qaydada beynəlxalq kolaisiya qüvvələri həyata keçirəcəklər.

NATO Liviyada 90 günlük uçuşlara qadağa tətbiq edir, Qaddafi qüvvələrinə qarşı hücumlar da davam edir. Amma bu müddət sonradan uzadıla, ya da qısaldıla bilər.

Eyni zamanda Birləşmiş Ərəb Əmirlikləri də Liviya əməliyyatına dəstək üçün 12 təyyarə göndərib.

Muammar Qaddafinin nəzarətində olan ordu hissələrinə koalisya qüvvələrinin hücumları isə davam edir. ABŞ ordusunun məlumatına görə son 24 saat ərzində Qaddafinin mövqelərinə gəmilərdən 16 raket və havadan 153 bomba atılıb. Əsas hədəfləri isə artilleriya, müxaniki qüvvələr, komanda və nəzarət məntəqələridir.