Noyabrın 15-də Ağstafa rayonunun Çeyrançöl ərazisində sursat partlayışı olub.
Bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıblar.
Məlumatda iddia edilir ki, Qazax rayonunun iki sakininin ( adları açıqlanan şəxslərin Dəmirçilər və Daşsalahlı kəndlərinin sakinləri olduğu qeyd edilir) partlamamış hərbi sursata müdaxiləsi nəticəsində partlayış baş verib.
Hadisə nəticəsində onlardan birinin həlak olduğu, digərinin isə xəsarət aldığı vurğulanır.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılır.
Hələlik, rəsmi açıqlamaya həlak olan və xəsrət alan şəxslərin yaxınlarından münasibət almaq mümkün olmayıb.
Xatırlatma
Azərbaycanda buna qədər bir neçə oxşar hadisə baş verib. Onlardan
sonuncusu bu il sentyabrın 1-dən 2-nə keçən gecə Goranboy rayonunda baş vermişdi.Rəsmi açıqlamada vurğulanırdı ki, rayonda sursat anbarında yanğınla müşayiət olunan partlayış baş verib.Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumatda qeyd edirdilər ki, hadisə ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı insanlar təxliyə edilib.
"Xəsarət alan olmayıb", - rəsmi məlumatda əlavə edilirdi.
Amma onda hadisənin dəqiq baş vermə səbəbi açıqlanmamışdı.
Lakin 3 il əvvəl Müdafiə Sənayesi Nazirliyinin "Şirvan Araz zavodu" Məhdud Məsuliyyətli cəmiyyətində (MMC) baş verən partlayışda ölüm də olmuşdu.Onda da istintaqın detallı təfərruatları geniş ictimaiyyətə açıqlanmadı.
2018-ci ildə isə paytaxt Bakıda Müdafiə Sənayesi Nazirliyinin “Radioquraşdırma” zavodunda yanğınla müşahidə edilən partlayış qeydə alınmışdı.Həmin vaxt isə xoşbəxtlikdən ölən, xəsarət alan olmamışdı.