Polşa Ukraynaya iki MiQ-29 qırıcısı və döyüş sursatı verir

MiQ-29

Polşa Ukraynaya növbəti hərbi yardım paketini ayırmağa hazırlaşır. "Rzeczpospolita" nəşrinin Polşa Milli Müdafiə Nazirliyinin rəsmisi Dariuş Lukovskiyə istinadən yaydığı məlumata görə, təxminən 50 milyon avro dəyərindəki bu paketə iki ədəd MiQ-29 qırıcısı da daxildir. Jurnalistin təyyarələrin nə vaxt təhvil veriləcəyi ilə bağlı sualına Lukovski "Qərar artıq qəbul edilib, qırıcılar tezliklə Ukraynada olacaq", — deyə cavab verib.

Nəşr yazır ki, qırıcılardan yalnız biri uçuşa tam yararlıdır. İstismar müddəti başa çatmış ikinci təyyarədən isə Ukrayna tərəfi ehtiyat hissəsi kimi istifadə edəcək.

Polşa 2022–2023-cü illərdə Ukraynaya müxtəlif texniki vəziyyətdə olan daha 14 ədəd MiQ-29 ötürmüşdü.

Yeni yardım paketinə qırıcılarla yanaşı, 152 mm və 155 mm-lik artilleriya mərmiləri, Rusiya dronlarına qarşı effektiv olan F-16 döyüş sursatları və qısa mənzilli "Piorun" zenit-raket kompleksləri də daxildir.

Kiyevlə Varşava arasında "tarix" gərginliyi

Hərçənd, hələ iyunun sonunda Polşa baş nazirinin müavini və müdafiə naziri Vladislav Kosinyak-Kamış fərqli bəyanatla çıxış etmişdi. O, Kiyevin dron istehsalı texnologiyalarını Varşava ilə bölüşmək istəmədiyini əsas gətirərək, Ukraynaya MiQ-29 qırıcılarının verilməyəcəyini bildirmişdi.

Bu bəyanat Varşava ilə Kiyev arasında münasibətlərin gərginləşdiyi bir dövrə təsadüf edib. İki ölkə arasındakı diplomatik böhran Polşa prezidenti Karol Navrotskinin ukraynalı həmkarı Volodimir Zelenskini "Ağ Qartal" ordenindən məhrum etməsindən sonra daha da dərinləşib. Polşanın bu addımına Ukrayna ordusunun bölmələrindən birinə "UPA qəhrəmanları" adının verilməsi səbəb olub.

1942-ci ildə yaradılmış Ukrayna Üsyançı Ordusu (UPA) müstəqil Ukrayna dövləti qurmağı hədəfləyən millətçi silahlı təşkilat olub. Varşava isə bu təşkilatı 1940-cı illərdə minlərlə polyakın ölümü ilə nəticələnən və tarixdə "Volın qırğını" kimi qalan kütləvi qətliamlarda ittiham edir.