Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24-də İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Məhəmməd Baqir Qalibafın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasında iştirak etmək məqsədi ilə Bakıya gəlib.
President.az saytının xəbərinə görə, görüşdə müharibə dövründə Azərbaycan xalqının, dövlətinin İran xalqı və dövlətinin yanında olduğunu deyən Prezident İlham Əliyev “arzu edirəm ki, bölgədə heç bir müharibə olmasın”, - deyə vurğulayıb.
Dövlət başçısı Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafına da toxunub.
Xəbərdə əlavə olunduğuna görə, Məhəmməd Baqir Qalibaf İranın çətin günlərində Prezident İlham Əliyev, Azərbaycan dövləti və xalqı tərəfindən göstərilən dəstəyə görə minnətdarlığını bildirib.
Azərbaycanla İranın çətin günlərdə də daim bir-birinin yanında olduqlarını deyən Məhəmməd Baqir Qalibaf bunu ölkələrinin birliyinin və həmrəyliyinin daha bir nümunəsi kimi qiymətləndirib.
Görüşdə ikitərəfli əlaqələrin perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlıqla bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, hökumətlərarası komissiyanın fəaliyyətinə toxunulub.
Xatırlatma
Azərbaycan-İran münasibətləri 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdan sonra kəskin gərginləşmişdi. Həmin hücum nəticəsində bir nəfər həlak olmuşdu.
Sonrakı dövrdə əlaqələrdə müəyyən yumşalma yaransa və tərəflər birgə hərbi təlimlər keçirsə də, regional geosiyasi gərginlik fonunda yeni böhranlar yaşanıb. Xüsusilə, 2026-cı ilin martında İsrail və ABŞ-nin İranla hərbi toqquşmaları zamanı ( ABŞ və İsrail İranın nüvə proqramını dünyaya təhdid sayır) Azərbaycanın Naxçıvan bölgəsinə dronların düşməsi münasibətləri yenidən sınağa çəkdi. Prezident İlham Əliyev bu hadisəni "terror aktı" kimi pisləyərək İrandan rəsmi üzrxahlıq tələb etdi. Tehran isə qonşu dövlətləri hədəf almadığını bəyan edərək araşdırma aparılacağını bildirdi. Gərginlik səbəbindən dayandırılan yük daşımaları iki ölkə liderinin telefon danışığından sonra bərpa olundu. Ardınca Azərbaycan İrana humanitar yardım göndərdi.