Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev “pedofiliyanın və qeyri-ənənəvi cinsi oriyentasiyanın təbliğinin” yasaqlanmasını nəzərdə tutan qanunu imzalayıb.
Ölkə Senatı sənədi dekabrın 18-də təsdiqləyib. Düzəlişlərin müzakirəsi dekabrın 4-də olmalıydı, Tokayevin Avropa Şurası prezidentı Antoniu Koşta ilə görüşü fonunda təxirə salınmışdı.
Ədliyyə nazirinin müavini Botagöz Jakselekova parlamentin yuxarı palatasının iclasında bildirib ki, LGBT mənsubluğu hüquq pozuntusu sayılmayacaq: “LGBT mənsubluğu nə Qazaxıstan qanunvericiliyinə, nə də beynəlxalq qanunvericiliyə görə hüquqpozma sayılır. Buna görə məsuliyyət müəyyən etmirik. Söhbət yalnız təbliğatdan gedir. LGBT-nin açıq təbliği ilə bağlıdır”.
Doqquz beynəlxalq və Qazaxıstanın hüquq müdafiə təşkilatı isə hakimiyyəti bu qanunun qəbulundan imtina etməyə çağırıb. Onların fikrincə, dəyişikliklər LGBT fərdlərinin hüquqlarını və ictimaiyyətdə görünməsini kəskin məhdudlaşdıracaq.
“Bu normalar təkcə özünü LGBTI icmasına aid edən insanlara deyil, həm də jurnalistlər, alimlər, rəssamlar, hüquq müdafiəçiləri və vətəndaş cəmiyyəti təmsilçilərinə birbaşa təhdid yaradır. Bu şəxslər həmin qrupların hüquqlarının işıqlandırılması və müdafiəsi, eləcə də LGBTI hüquqları barədə ictimai məkanda və ya onlayn müsbət fikirlərin səslənməsinə görə inzibati məsuliyyətlə üzləşə bilərlər”, – hüquq müdafiəçilərinin birgə bəyanatında deyilir.