Əli Kərimlinin saxlanma şəraitindən şikayətlər davam edir

Əli Kərimli

Həbsdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli ilə bağlı qadağaların dəyişmədiyi bildirilir.
Bu barədə "Azadlıq" qəzetinin saytı məlumat yayıb.
İyulun 13-də yayılan məlumata görə, ötən həftə o, ailəsinə zəng etmək hüququndan yenə məhrum edilib. “Bundan əlavə, əvvəllər iki saatlıq olan gəzinti vaxtı azaldılaraq bir saata endirilib. Əli bəyə vəkilləri vasitəsilə sosial şəbəkələrdəki müzakirələr barədə yazılı materiallar təqdim edilməsinin qarşısı yenə də alınıb”, - məlumatda vurğulnıb.

Məlumada əlavə edilib ki, onun saxlanma şəraiti vəziyyətinə mənfi təsir göstərir.

Vurğulanıb ki, baş verənlər ilə bağlı vəkillər şikayət versələr də, məhkəmə (məhkəmənin adı çəkilmir) şikayəti baxışa qəbul etməyib.

Hələlik, məlumatda yer alan iddialara cavabdeh rəsmi qurumların münasibət almaq mümkün olmayıb.

26.06.2026

AXCP Əli Kərimlinin saxlanma şəraitinin ağırlaşdırıldığını bildirir

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) həbsdə olan sədri Əli Kərimlinin saxlanma şəraitinin pisləşdirildiyini və hüquqlarının məhdudlaşdırıldığını bəyan edib.

Partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, Ə.Kərimli ailəsi ilə görüşü zamanı başqa kameraya köçürüldüyünü, saxlanma rejiminin sərtləşdirildiyini və digər məhbuslara tanınan bəzi hüquqlardan məhrum edildiyini bildirib. Bildirilir ki, onun kamerasındakı televizor söndürülüb, radio yoxdur, vəkillərinin gətirdiyi qəzet və digər mətbuat materialları isə ona çatdırılmır. Bundan əlavə, gündəlik iki saatlıq gəzinti hüququna da məhdudiyyət qoyulduğu vurğulanır.

AXCP bundan əvvəl də Kərimlinin ailəsi ilə telefon danışıqlarının məhdudlaşdırıldığını açıqlamışdı. O zaman iddia edilmişdi ki, təcridxana rəhbərliyi Kərimlinin telefon danışıqları zamanı yerli və xarici medianın suallarını cavablandırmasından narazı qalıb.

Rəsmi qurumlar partiyanın bu şikayət və iddialarına münasibət bildirməyiblər.

10 iyun

Əli Kərimlinin həbsi noyabrın 13-dək uzadıldı — Ramiz Mehdiyev ev dustaqlığında qalacaq

Səbail rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbs, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin isə ev dustaqlığı müddəti daha 5 ay uzadılıb.

İyunun 10-da keçirilən prosesdə məhkəmə istintaq orqanının vəsatətlərini təmin edib. Qərara əsasən, Ə.Kərimli barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti noyabrın 13-dək artırılıb. Ə.Kərimli və M.İbrahim 2025-ci il noyabrın 29-dan etibarən həbsdədir. Onlar dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönəlmiş hərəkətlərdə ittiham olunsalar da, hər iki şəxs irəli sürülən ittihamları rədd edir.

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının (AMEA) keçmiş rəhbəri R.Mehdiyev isə Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278.1-ci (dövlət hakimiyyətini zorla ələ keçirməyə yönələn əməllər) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur. Onun özündən və yaxınlarından bu ittihamlarla bağlı münasibət almaq mümkün olmayıb.

9 may

AXCP sədrinin atası vəfat edib, amma dəfnə buraxılmayıb

Mayın 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin atası Əmirhüseyn Kərimov vəfat edib. O, Saatlı rayonunun Azadkənd kəndində dəfn olunub.

Beş aydır həbsdə olan AXCP sədri atasının dəfninə buraxılmayıb. Halbuki bundan əvvəl həbsdə olan bəzi müxalif siyasətçilərin, jurnalistlərin yaxınları vəfat etdikdə onlar müvəqqəti sərbəst buraxılaraq yaxınlarının yas mərasimində iştiraklarına şərait yaradılıb.

Məsələyə rəsmi qurumlardan aydınlıq gətirmək mümkün olmayıb.

AXCP sədri Ə.Kərimli və partiyanın Məclis üzvü Məmməd İbrahim 2025-ci il noyabrın 29-dan həbsdədirlər. Ə.Kərimli və M.İbrahim dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlərdə ittiham olunurlar. Onlar ittihamı qəbul etmirlər.

Sizin brauzer HTML5-i dəstəkləmir

Qanun Əli Kərimlinin atasının dəfninə buraxılmasına icazə verirmi? – 'Yazılmamış qaydalar da var'

24 fevral

Gültəkin Hacıbəylinin şahid qismində ifadə verdiyi bildirilir

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) şahid qismində ifadə verəndən sonra sərbəst buraxıldığı bildirilir.

Bu barədə onun yaxınları məlumat verib.

Məsələ ilə bağlı G.Hacıbəyli və DTX ilə danışmaq mümkün olmayıb.

+++

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin saxlandığı bildirilir. Yaxınlarının sözlərinə görə, onu DTX saxlayıb, yaşadığı yerdə axtarış aparılıb.

APA-nın əldə etdiyi məlumata görə isə, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyev və digərləri barəsində DTX-də başlanılmış cinayət işi çərçivəsində G.Hacıbəylinin evində axtarış aparılıb. O, şahid qismində ifadə verməyə dəvət olunub.

Prezident Administrasiyası və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri R.Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. Onun haqqında ev dustaqlığı-qətimkan tədbiri seçilib.

12 fevral

Gültəkin Hacıbəyli Azərbaycana deportasiya edilib

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin iki ay əvvəl saxlandığı Türkiyədən Azərbaycana deportasiya edildiyi bildirilir.

Bu barədə ölkənin yerli saytları məlumat yayıb.

Məlumata görə, G.Hacıbəyli hazırda Azərbaycanda azadlıqdadır.
Hələlik məsələni onun özündən, Azərbaycanın və Türkiyənin rəsmi qurumlarından dəqiqləşdirmək mümkün olmayıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Kərimlini niyə həbs etdilər?

4 fevral

Əli Kərimlinin Müdafiə Komitəsi yaradılıb

Fevralın 4-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan sədri Əli Kərimlinin hüquqlarını müdafiə komitəsi yaradılıb.

İlk iclasda Milli Şura sədri, professor Cəmil Həsənli və hüquq müdafiəçisi Leyla Yunus qurumun həmsədrləri seçilib.

Komitə Azərbaycan hakimiyyətinə və beynəlxalq birliyə müraciət hazırlayıb.

Sənəddə xatırladılıb ki, Ə.Kərimlini Dövlət Təhlükəsizliyi Xidməti (DTX) hakimiyyəti zorla ələ keçirmə və saxlama ittihamı üzrə həbs edib.

Komitə bəyan edib ki, AXCP sədrinə qarşı irəli sürülən ittihamların tamamilə siyasi sifariş olduğu hər kəsə məlumdur.

Qurum habelə bu cinayət işinə dərhal xitam verilməsini, bu tipli siyasi həbslərin dayandırılmasını tələb edib.

Müdafiə Komitəsi beynəlxalq ictimaiyyətə də üz tutaraq onlardan qanunsuzluqlara göz yummamağı istəyib.

Müraciətə Azərbaycan rəsmiləri və başqa aidiyyəti qurumlardan münasibət almaq mümkün olmayıb.

15 yanvar

Gültəkin Hacıbəylinin şikayəti təmin edilməyib

Ankara İnzibati Məhkəməsi Gültəkin Hacıbəylinin şikayətini təmin etməyib. Bu barədə o özü yanvarın 15-də sosial şəbəkə hesabında məlumat paylaşıb: "Artıq iki aya yaxındır ki, Türkiyədə Çatalca Geri Göndərmə Mərkəzində qapalı həbsxana şəraitində saxlanılıram. Ötən gün İstanbul İnzibati Məhkəməsi barəmdə verilmiş deportasiya qərarının dayandırılması ilə bağlı müraciətimə baxaraq şikayətimi təmin etməyib'.

G.Hacıbəyli noyabrın 29-da AzadlıqRadiosuna müsahibəsində Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə işbirliyində olması ittihamını "absurd" adlandırıb. Siyasətçi Türkiyədən Azərbaycana deportasiya olunacağını istisna etməyib: "Görünür, Azərbaycan hakimiyyətinə Ramiz Mehdiyev olayı siyasi müxalifəti sıradan çıxarmaq üçün lazımdır".

4 dekabr

Əli Kərimlinin qaynının evində axtarış aparıldığı bildirilir

AXCP-dən yayılan məlumata görə, dekabrın 4-də bu partiyanın həbsdə olan sədri Əli Kərimlinin qaynı Elnur Seyidovun evində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) axtarış aparıb.

"Axtarışdan sonra onlar Elnur Seyidovun telefonunu özləri ilə aparıblar", - məlumatda vurğulanır.

Bu məlumata DTX-dən münasibət almaq mümkün olmayıb

E.Seyidovu 2012-ci ilin martında sonradan ləğv edilən Milli Təhlükəsizlik Nazirliyi (Əvəzində DTX yaradıldı) "Texnikabank" (həmin bankın Yasamal filialında müdir müavini olub) işinə görə həbs etmişdi, ona 7 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi. E.Seyidov və digərləri Cinayət Məcəlləsinin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə ittiham olunublar. O, ittihamları rədd edib, heç bir cinayət törətmədiyini söyləyib. 2019-cu ildə əfv sərəncamı ilə azadlığa buraxılıb.

AXCP sədri həbs edildi

Dekabrın 1-də Səbail rayon Məhkəməsində AXCP sədri Əli Kərimli barəsində 2026-cı il fevralın 13-dək həbs-qətimkan tədbiri seçilib.

+++

Səbail rayon Məhkəməsinin qərarı ilə AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim həbs edilib. Onun barəsində 12 fevral 2026-cı il tarixinə qədər həbs-qətimkan tədbiri seçilib.

Əli Kərimliyə ittiham irəli sürülüb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ittiham elan olunub.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı Ə.Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

+++

AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimliyə də Ə.Kərimli ilə eyni maddə üzrə ittiham elan olunub.

Həmin maddə üzrə şəxsə ömürlük həbs cəzası verilə bilər.

30 noyabr

Cəmil Həsənlinin ifadəsi alınıb

Milli Şuranın sədri Cəmil Həsənlinin noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) ifadəsi alındıqdan sonra sərbəst buraxıldığı bildirilir.

Yerli saytlarda onun Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı davam edən cinayət işi üzrə şahid qismində dindirildiyi vurğulanır.

Bu barədə C.Həsənli də Facebook səhifəsində açıqlama yayıb. "DTX-da məni Ramiz Mehdiyevin işi ilə bağlı dindirib ifadə aldılar. Mən də izah etdim ki, bu ölkədə Ramiz Mehdiyev vəzifədə olanda onun əleyhinə məndən çox yazan olmayıb", - o qeyd edib.

C.Həsənlinin sözlərinə görə, habelə Milli Şura, 2013-cü ildə prezident seçkisində namizəd olması və başqa məsələlərlə bağlı maraqlanıblar.

Bu açıqlamaya DTX-nın özündən münasibət almaq mümkün olmayıb.

29 noyabr

AXCP sədrinin evində axtarış aparılıb

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədri Əli Kərimlinin Bakıdakı evində axtarış aparılıb, o saxlanıb. Bu barədə noyabrın 29-da günorta saatlarında AXCP-nin ayrı-ayrı təmsilçiləri məlumat yayıb.

Ə.Kərimlidən başqa AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin də evində axtarış aparılıb. Onun oğlu Turan İbrahim Facebook hesabında əvvəlcə atası ilə əlaqə saxlaya bilmədiyini, daha sonra isə onun saxlandığı barədə məlumat yayıb: "13 nəfər evdə axtarış aparıb, Məmməd İbrahimi götürüb aparıblar. Telefonunu və kompüterini götürüblər".

Partiyanın digər üzvləri də sosial mediada təqib olunduqlarına aid iddialar bölüşüblər.

AXCP fəallarından Faiq Əmirlinin, Ə.Kərimlinin köməkçisi Ruslan Əmirlinin noyabrın 29-da saxlandığı, daha sonra buraxıldığı bildirilir.

Ə.Kərimli ilə bağlı xəbəri hökümətyönlü medialar da yayıb və iddia olunur ki, AXCP sədrinin evindəki axtarış Ramiz Mehdiyevin DTX-də istintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyası Aparatının və Milli Elmlər Akademiyasının keçmiş rəhbəri R.Mehdiyevin Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunduğu bildirilir. Verilən məlumatlara görə, Səbail rayon Məhkəməsi R.Mehdiyev barəsində cinayət işi üzrə bu il oktyabrın 14-də qərar qəbul edib. Onun haqqında 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçildiyi vurğulanır.

Bundan əvvəl AXCP təmsilçiləri R.Mehdiyev ilə heç bir əlaqələrinin olmadığını vurğulayıblar.

Sizin brauzer HTML5-i dəstəkləmir

Əli Kərimli və AXCP ətrafında yaşananlar: Niyə Ramiz Mehdiyev yenidən gündəmə gətirilir?


Əli Kərimlinin evində məktub tapılıb?

Axşam saatlarında AXCP-dən bildirilib ki, Ə.Kərimlini DTX-ya aparıblar.

Partiyadan vurğulandığına görə, axtarışa gələrkən evin qapısını qonşu qadın adı ilə döyüblər, Ə.Kərimli qapını acanda isə evə daxil olublar: "Daha sonra Əli Kərimlinin evdəki masasının siyirməsinə Ramiz Mehdiyevin adından mətbuatda yayılan məktubu qoyublar və axtarış zamanı guya bu məktubu oradan tapıblar".

"Mediada yayılmış məktubu Əli Kərimlinin siyirməsinə məxfi sənəd kimi qoyub, sonra da guya axtarış nəticəsində onu aşkarlamaq işin nə qədər qurama və əsassız olduğunu göstərir", - AXCP-dən bildirilib.

Bu məlumata DTX və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Hakimiyyətə yaxın mediada bir müddət öncə R.Mehdiyevə məxsus olduğu deyilən bir məktubun sürəti yayılıb. Həmin media qurumlarının iddiasına görə, orada yazılanlarla Azərbaycanda hakimiyyət çevrilişi planı həyata keçirmək istəyən Prezident Administrasiyasının sabiq rəhbəri R.Mehdiyev Kremlə üz tutub. Amma belə bir məktubun varlığını nəinki R.Mehdiyev, hələlik heç rəsmi qurumlar da təsdiqləməyib.

AXCP "siyasi motivlidir" deyir

"Əli Kərimlinin saxlanılması sırf siyasi motivlidir". Bunu AXCP noyabrın 29-u axşam saatlarında yaydığı bəyanatında bildirir.

"Son illərdə hakimiyyət ona faktiki blokada tətbiq edib. Buna baxmayaraq, Əli Kərimli Azərbaycanda əsas demokratik fiqurlardan biri olaraq qalır: onun aparıcı beynəlxalq mediaya verdiyi müsahibələr və qlobal siyasi forumlara dəvət alması İlham Əliyev rejimini narahat edib", - AXCP hesab edir

"Siyasi fəaliyyətin ölkədə, demək olar ki, tamamilə qadağan olunduğu, vətəndaş azadlıqlarının ciddi şəkildə məhdudlaşdırıldığı bir şəraitdə bu əməliyyat siyasi repressiyaların daha da gücləndirilməsi istiqamətində növbəti addımdır", - bəyanatda əlavə edilir.

Hakimiyyət rəsmiləri isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə fundamental azadlıqlar qorunur, insanlar tənqidi mövqeləri və siyasi fəaliyyətlərinə görə təqib edilmirlər.