Füzulidə 2 nəfərin minaya düşərək həlak olduğu bildirilir

İllüstrativ foto

Məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib

Sentyabrın 30-da Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində 1986-cı il təvəllüdlü Amid Əsədov və 2007-ci il təvəllüdlü Çərkəz Quluzadənin minaya düşərək həlak olduqları deyilir.

Füzuli Rayon Prokurorluğundan AZƏRTAC-a bildirilib ki, hadisənin rayonun Yuxarı Dilağarda kəndində baş verdiyi müəyyən edilib.

Məlumata görə, prokurorluq əməkdaşları hadisə yerinə və meyitlərə baxış keçirib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib:

“Faktla bağlı Füzuli Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.Hazırda iş üzrə istintaq davam edir.”

Məsələyə, hələlik, həlak olanların yaxınlarından münasibət almaq mümkün olmayıb.

Azərbaycan rəsmiləri deyirlər ki, 2020-ci ildə üçtərəfli bəyanatın imzalanmasından sonra işğaldan azad edilən ərazilərdə 250 civarında şəxs minaya düşüb. Onların 40-a yaxının həlak olduğu bildirilir.

Üçtərəfli bəyanatın imzalanmasından bir müddət sonra, Azərbaycan rəsmiləri Ermənistan tərəfini minalanmış ərazilərin xəritələrini onlara verməməkdə günahlandırırdı.

Lakin 10 noyabr razılaşmasından sonra Azərbaycanda tutulan Ermənistan hərbçilərindən bir neçə qrupunun təhvil verilməsi əvəzi azad olunan bir sıra rayonlara (Füzuli daxil) aid mina xəritələrinin alındığı açıqlanmışdı. Amma sonradan da Azərbaycan rrezidenti həmin xəritələrin reallığı böyük ölçüdə əks etdirməməsi ilə bağlı narazılığını ifadə etdi.

Buna cavab olaraq Ermənistan Baş naziri N.Paşinyan bu il deyib ki, “Biz əlimizdə olan xəritələri Azərbaycana verdik”

Nikol Paşinyan əlavə edib ki, onlar “yaxşısını siyirtmədə saxlayıb, pis keyfiyyətdə olanı verməyiblər”.

Buna da bax: Ermənistan rəsmisi: 'Nə sənəd imzalasaq, bir saniyədə tualet kağızına dönür'

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona (Füzuli rayonu daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində ( Laçın rayonu Ermənistanla sərhəddə yerləşir) və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.