İndiyə qədər Rusiyadan 100 azərbaycanlı çıxarılıb

Rusiyadan deportasiya olunan 90 nəfər Gürcüstan, 10 nəfər isə Azərbaycan vətəndaşlarıdır

Yeni miqrasiya qanunu ilə bağlı Rusiya hökumətinin bu il noyabrın 15-də verdiyi sərəncamdan sonra bu ölkədən 100 nəfər azərbaycanlı çıxarılıb. Bunu «Azadlıq» radiosuna Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Şakir Səlimov deyib. Cənab Səlimov bildirir ki, onların 90 nəfəri Gürcüstan, 10 nəfəri isə Azərbaycan vətəndaşlarıdır.

Prezident İlham Əliyevin sərəncamı ilə bu il noyabrın 22-də yaradılın Dövlət Komissiyasının Rusiyada ticarətlə məşğul olan Azərbaycan vətəndaşlarının problemlərinin həlli ilə bağlı müəyyən işlər gördüyünü deyən Şakir Səlimovun sözlərinə görə, bu işlər vaxtında başlanmasaydı, yəqin ki, Rusiyadan çıxarılan azərbaycanlıların sayı daha çox ola bilərdi. Cənab Səlimov deyir ki, Moskvadakı Ümumrusiya Azərbaycanlıları Konqresində və Bakıda Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsində yaxın günlərdə Rusiyadakı azərbaycanlıların problemlərinin həlli ilə bağlı qərargahlar fəaliyyətə başlayacaq. Daha sonra bu cür qərargahların Rusiyanın yeddi federal dairəsində yaradılması da nəzərdə tutulur.