«Ölkədə informasiya sahəsində boşluq yarana bilər»

Professor, millət vəkili Cəmil Həsənli

«Azərbaycanda insan haqları pozulanda Amerika Dövlət Departamenti həmişə narahatlığını ifadə edir, amma biz istərdik ki, bu bir az irəli getsin»- professor, millət vəkili Cəmil Həsənli Vaşinqtonda «Azadlıq» və «Azad Avropa» radiolarının noyabrın 29-da təşkil etdiyi brifinqdə belə deyib. Hüquq müdafiəçisi Murad Sadəddinov da brifinqdə iştirak edib.


Onlar Azərbaycanda insan haqlarının vəziyyəti, siyasi məhbuslar və medianın üzləşdiyi problemlərdən danışıblar, suallara cavab veriblər.


Cəmil Həsənli deyib ki, «Azadlıq» qəzeti və «Turan» İnformasiya Agentliyinin məhkəmənin qərarı ilə yerləşdiyi binadan çıxarılması ölkədə informasiya sahəsində boşluq yaradacaq.


Azərbaycanın Amerikadakı səfirliyinin nümayəndəsi Tahir Kərimov isə bu fikrə etiraz edib. Diplomat deyib ki «Azadlıq» qəzeti və «Turan» agentliyinə qarşı təzyiq olunmayıb, onlara fəaliyyətlərini davam etdirmək üçün başqa bir yerdə ofis təklif edilib.