Ukrayna əsilli Qalatin Haçins çəkiliş zamanı açılan atəşdən həlak olub, rejissor yaralanıb. ABŞ-ın Nyu Meksiko ştatında baş vermiş insident zamanı atəşi aktyor Alek Bolduinin açdığı təsdiqlənib.
42 yaşlı Haçins oktyabrın 21-də axşam saatlarında aldığı güllə yarasından xəstəxanada vəfat edib. Rejissor Coel Suza da xəstəxanaya aparılıb, vəziyyəti bəlli deyil.
Polis “Pas” (“Rust”) adlı filmin çəkilişində iştirak edənləri dindirib. İndilik ittiham irəli sürülməyib. Hazırda insident zamanı əslində nə baş verdiyi müəyyənləşdirilir.
Haçins Ukraynada doğulub, Arktik Dairəsində sovet hərbi bazasında böyüyüb. O, Kiyev Dövlət Universitetinin beynəlxalq jurnalistika fakültəsini bitirib, Avropada Britaniya sənədli filmlərinin hazırlanmasında araşdırmaçı jurnalist kimi çalışıb.
63 yaşlı Bolduin həm filmdə baş rollardan birini oynayır, həm də onun prodüseridir.
O, insidentlə bağlı şərh verməyib, amma ABŞ mediası onun polis məntəqəsində dindirmədən pərişan vəziyyətdə çıxdığını yazır.