Avqustun 16-da Yunanın paytaxtı Afina ətrafında daha iki meşə yanğını peyda olub.
Yanğın evlərə yaxınlaşdığından ətrafdakı kəndlər evakuasiya olunur.
Yanğınlardan biri Afinanın cənubunda-60 kilometrliyindəki Lavrio rayonunda baş verib. Alovla mübarizəyə 70-dən çox maşın, 6 təyyarə və 4 helikopter cəlb edilib.
Yanğın evlərə çatdığına görə əhali evakuasiya edilib.
İkinci yanğn isə Afinanın şimalındakı Viliya kəndində peyda olub.
Həmin ərazidə uşaqlar üçün yay-istirahət düşərkəsi olduğu bildirilir.
Alovla mübarizəyə 2 təyyarə və 2 helikopter cəlb olunub.
Reütersin məlumatına görə, son 2 həftə ərzində Yunanıstanda 500-dən çox meşə yanğını qeydə alınıb.
Ən böyük yanğın Eviya adasında olub. Avqustun əvvəllərində adada başlayan yanğın 1 həftədən çox davam edib, minlərlə sakin evakuasiya edilib.
Ölkənin baş naziri Kyriakos Mitsotakis alovla uğursuz mübarizəyə görə xalqdan üzr istəyib.
Hökumət Eviya və Attika regionundakı yanğınlardan zərərçəkənlərə yardım üçün 500 milyon avroluq xüsusi paket ayırıb.
Qeyd edək ki, Türkiyə və Tunisdə də bu ay güclü yanğınlar olub.