Biləsuvarda saxlananlardan iksinə 15 sutka verilib
Biləsuvar rayon Polis Şöbəsindən dünən, iyulun 28-də aksiyada saxlanan və tez də buraxılmayan 4 şəxsin taleyinə aydinlıq gətiriblər.
"Turan" İnformasiya Agentliyinin xəbərinə görə, şöbədən onlara deyilib ki, həmin 4 şəxsdən ikisinə 15 sutka inzibati həbs verilib. Qalan iki nəfərin isə cərimələnib sərbəst buraxildığı bildirilib.
Amma qərarların detallarını öyrənmək və inzibati məsuliyyətə cəlb edilən şəxslərdən, onların vəkillərindən buna münasibət öyrənmək, hələlik, mümkün olmayıb.
***
İyulun 28-də Biləsuvar rayon mərkəzində bir qrup yerli sakinin su problemi ilə əlaqədar etiraz aksiyasına cəhd göstərdiyi bildirilir.
Yerli mənbələrdən verilən məlumatlara görə, rayonun Yuxarı Cürəli və Təzəkənd kənd sakinləri susuzluq problemini icra hakimiyyətinin yerləşdiyi küçəni bağlamağa diqqətə çatdırmaq istəyiblər.
Məlumatlara görə, polis etirazçılara xəbərdarlıq edib. Xəbərdarlığa əməl etməmələri iddiası ilə bir neçə etirazçı polis şöbəsinə aparılıb.
Bildirilir ki, şikayətçilərin bir qismini rayon İcra Hakimiyyətində qəbul ediblər, məsələlərin yoluna qoyulacağı vurğulanıb.
Bütün bu deyilənlərə, hələlik, Biləsuvar rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.
Amma«Turan» İnformasiya Agentliyinin xəbərinə görə, Biləsuvar rayon Polis Şöbəsindən onlara deyilib ki, bu gün, iyulun 28-də şöbəyə gətirilənlərin 6 -sı söhbət aparıldıqan sonra sərbəst buraxılıb. Daha bir neçə şəxslə bağlı isə araşdırma getdiyi qeyd edilib.