Azərbaycanda karantin rejiminin müddəti uzadıldı

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2021-ci il avqustun 1-nə qədər uzadılıb.

Bu, baş nazir Əli Əsədovun imzaladığı "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" qərarda əksini tapıb.

Koronavirus pandemiyasi ilə bağlı Azərbaycanda ötən il martın 24-dən karantindir. Bu müddət ərzində karantin zaman-zaman sərtləşdirilib və daha sonra da yumşaldılıb.

İctimai nəqliyyat iyunun 28-dək həftə sonları işləməyəcək

Habelə ictimai nəqliyyatın həftəsonları işləməməsi ilə bağlı qərarın müddəti iyunun 28-dək uzadılıb.

Qərara əsasən, bu il iyunun 5-i saat 00:00-dan iyunun 7-i saat 06:00-dək, iyunun 13-ü saat 00:00-dan iyunun 14-ü saat 06:00-dək, iyunun 19-u saat 00:00-dan iyunun 20-i saat 06:00-dək, iyunun 26-ı saat 00:00-dan iyunun 28-i saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. Azərbaycanda ümumilikdə 333 min 97 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 min 885-nin vəfat etdiyi bildirilir.