Reportyorlar polisə aparıldıqlarını deyirlər

arxiv foto

Dünən, mayın 14-də gecə saatlarında reportyorların polis bölməsinə aparıldığı bildirilir.
Bu barədə müstəqil jurnalist Elməddin Şamilzadə məlumat verib.
Elməddin Şamilzadənin sözlərinə görə, onu Yasamal rayonun 26-cı polis bölməsinə apararaq barəsində protokol tərtib ediblər :

"Mən kafenin qarşısında dayanaraq siqaret çəkirdim. Maska çənəmdə idi. Bu an polis əməkdaşları bizə yaxınlaşanda maskasız olan şəxslər qaçdı. Mən kafenin içinə keçəndə polis əməkdaşı mənə yaxınlaşdı "Qaçan kim idi?" sualını verdi. Mən də bu şəxsi tanımadığıma görə bilmədiyimi dedim. Məni məsələni aydınlaşdırmaq üçün dəvət etdilər bölməyə. Etiraz etmədim".

Azərbaycanda koronavirus pandemiyasi ilə bağlı ötən ildən karantindir.Hətta, açıq havada maska taxmamağa görə,cərimə yazılır.

E.Şamilzadə qeyd edib ki, dostları hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin "102" Xidmətinə müraciət edib: "Bölmədə mənə dedillər ki, səni buraxırıq, amma dostların şikayətini geri çəksinlər. İmtina edəndə isə barəmdə İnzibati Xətalar Məcəlləsinin 211.3 maddəsi ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması ) ilə protokol tərtib ediblər və 200 manat məbləğində cərimə yazdılar".

Polis bölməsinin qarşısında hadisəni işıqlandırdığını söyləyən reportyor Nirlan Qəhrəmanlı isə bildirib ki, onu bölməyə aparıb fiziki təzyiq göstəriblər :

"26-cı polis bölməsinin qarşısından jurnalist Elməddin Şamilzadənin saxlanılmasına görə getmişdim. Orada jurnalist Əminə Məmmədovanın telefonunun polis əməkdaşları tərəfindən əlindən alınmasından etiraz etdim. Video çəkəcəyimi bildirəndə üç polis serjantı tərəfindən sürüyə-sürüyə polis bölməsinə saldılar. Orada mənə zorakılıq göstərdilər və ailə üzvlərimi təhqir elədilər".

Reportyor qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ( Xırda xuliqanlıq ) 50 manat cərimə olunduqdan sonra sərbəst buraxılıb:

"Yazılıb ki, guya ki, mən polis əməkdaşını təhqir etmişəm. Mən heç kəsi təhqir etməmişəm".

Onlar bildirib ki, məsələ ilə bağlı bu gün, mayın 15-də Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunublar :

"Bizi rəis müavini Vüqar Ələkbərov qəbul etdi. Profilaktik xarakterli söhbət oldu, o bizə jurnalistlərlə bağlı iradlarını bildirdi, biz də öz növbəmizdə polisdə gördüyümüz nöqsanları barədə ona danışdıq. Bizə bildirdi ki, məsələ araşdırılacaq, protokollar haqsız yerə yazılıbsa, ləğv olunacaq".

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İinformasiya Vasitləri və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev isə "Turan" Agentliyinə bildirib ki, Nurlan Qəhrəmanlının təzyiqə məruz qalması ilə bağlı iddialar tam əsassız və yalandır : "Onun və Elməddin Şamilzadənin saxlanılması ilə bağlı qərar yoxdur".