Bakıda Rusiya əleyhinə aksiya oldu

Rusiya səfirliyi qarşısında etiraz aksiyası. 28 aprel 2021

Bu gün, aprelin 28-də Azərbaycan Xalq Hərəkatının bir qrup fəalı Rusiyanın Azərbaycandakı səfirliyinin qarşısında etiraz aksiyası keçirib. Etirazçıların sözlərinə görə, aksiya Azərbaycanı 1920-ci il aprelin 28-də XI Qızıl ordunun işğalı günü ilə əlaqədardır.

İştirakçılar "Rusiya ordusu Azərbaycandan çıxarılsın!" və başqa şüarlar yazılmış plakat qaldırıblar. Eyni zamanda, Rusiya və bu ölkənin prezident Vladimir Putin haqqında müxtəlif ittihamlar səsləndiriblər.

Aksiya iştirakçıları bildirib ki, onlar Rusiya ordusunun Qarabağdan çıxarılmasını tələb edirlər. "Onlar sülhməramlı deyil. Əgər Rusiya ordusu Şuşaya "İskəndər-M" raketi atıbsa, bu ordunu sülhməramlı adlandırmaq olmaz. Biz istəyirik ki, Rusiya ordusunu Türkiyə ordusu əvəz etsin", - aksiyada vurğulanıb.

Əraziyə cəlb olunmuş polis qüvvələri plakatları etirazçıların əlindən alaraq özlərini də ərazidən uzaqlaşdırıblar. Amma buna qədər iştirakçılardan biri aksiyanin qətnaməsini oxuyub. Qətnamədə bildirilir ki, üçtərəfli bəyanatların bir çox bəndləri yerinə yetirilmir.

Aksiyada habelə vurğulanıb ki, ermənilər bölgəyə qaytarılsa da, həmin ərazidən didərgin düşmüş azərbaycanlıların qaytarılması üçün real addımlar atılmır.

Aksiya zamanı bir nəfərin saxlandığı bildirilsə də, sonradan onun da sərbəst buraxıldığı açıqlanıb.

Aksiyaya, hələlik, Rusiya səfirliyindən, Azərbaycanın Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb.

Düz 101 il əvvəl Rusiyanin XI qızıl ordusu Azərbaycanın müstəqilliyinə son qoyub. Azərbaycan bir də 1991-ci ildə öz müstəqilliyinə qovuşub.

Bu yaxınlarda isə Azərbaycanın rəsmi qurumları işğaldan yeni azad edilən Şuşada "İskəndər-M" raketinin qalıqlarının aşkarlandığını bildiriblər və bununla bağlı Rusiyaya sorğu veriblər. Rusiya Müdafiə Nazirliyi isə "İskəndər-M" raketinin Şuşaya atılmasının müəyyən edilmədiyini bildiriblər.

Xatırlatma

Ötən il Azərbaycanla Ermənistan silahlı qüvvələrinin təmas xəttində başlayan 44 günlük müharibə, sonrakı razılaşma nəticəsində rəsmi Bakı Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb.

Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada növbəti üçtərəfli bəyanat imzalanıb. Orda isə regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsi nəzərdə tutulur.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.