Kürdəmirin keçmiş icra başçısının istintaqı bitib

C.Cəfərov

Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərov və bu rayonda vəzifələrdə olmuş digər şəxslər ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq yekunlaşıb.

Bu barədə Baş Prokurorluğun məlumatında bildirilir.

Onlar Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə-ağır nəticələrə səbəb olduqda), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma təkrar törədildikdə) və digər maddələr ilə ittiham edilirlər: "Cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus olan daşınmaz əmlak üzərinə həbs qoyulub".

Məlumata görə, cinayət işi üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Kürdəmir rayon İcra Hakimiyyətinin keçmiş başçısı C.Cəfərov ötən ilin avqustunda həbs edilib. O, 2014-cü il aprelin 16-dan 2020-ci il avqustun 20-dək həmin vəzifədə çalışıb. İttihama, hələlik, onlardan və vəkillərindən ayrılıqda münasibət almaq mümkün olmayıb.