Azərbaycanda quş qripinə aid vəziyyəti qiymətləndirmək məqsədilə aprelin 12-dən monitorinqlərə başlanıb.
Respublika Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) xəbərinə görə, ölkə ərazisində yerləşən su hövzələrində köçəri quşlarda analizlər aparılır.
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatlarına əsasən, bir sıra, o cümlədən Azərbaycanla qonşu ölkələrdə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Xəstəliyə yoluxma əksər hallarda vəhşi quşlarla təmas nəticəsində baş verir.
Monitorinqlər aprelin 16-dək davam edəcək.
Quş qripi klassik quş vəbası — quşların kəskin infeksiyalı virus xəstəliyidir. Qədim dövrlərdən yayılıb. İnsanların quş qripinə yoluxmasının ilk təsdiqlənmiş halları 1997-ci ildə Honkonqda baş verib. 2006-cı ildə Azərbaycanda da 8 adamın bu H5N1 virusuna yoluxduğu açıqlanıb. Onların arasında ölüm halları da olub.