Putin İlham Əliyevə zəng edib

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev (solda) və Vladimir Putin (Arxiv fotosu)

Bugün, aprelin 8-də Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlara uygun olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib:

“Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib. Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.”

Bir gün əvvəl, aprelin 7-də Moskvada Rusiya Prezidenti Putinlə Ermənistan baş naziri Nikol Paşinyanın görüşü keçirilmişdi.

Həmin görüşdə də ikitərəfli məsələlərlə yanaşı Dağlıq Qarabağ ətrafında vəziyyətdən də bəhs edildiyi açıqlanıb.

Buna da bax: ABŞ diplomatından Qarabağ mesajı: 'Kömək edə bilərik...'

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı.

44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə, ətraf yeddi rayona və bəzi qəsəbələrə nəzarəti ələ alıb.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Bu il yanvarın 11-də də Moskvada onlar üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.