Bu gün, aprelin 8-də qanunsuz siyasi sığınacaq məsələlərində günahlandırılan Azərbaycan vətəndaşı ölkəsinə gətirilib.
Bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, müxtəlif şəxslər üçün qanunsuz yollarla siyasi sığınacaq əldə etmək məqsədilə dövlət qurumlarını aldatmaqla rəsmi sənədlərin saxtalaşdırılmasında təqsirləndirilən Azərbaycan vətəndaşının Almaniyadan ekstradisiyası təmin olunub: "O, nazirliyin əməkdaşlarının müşayiəti ilə ölkəmizə gətirilib".
Almaniyadan ekstradisiya edilən Azərbaycan vətəndaşının adı çəkilmir.
Ekstradisiya cinayətdə ittiham edilən şəxsin təhvil verilməsidir.
Xatırlatma
Son illər Almaniyadan bir çox Azərbaycan vətəndaşının readmissiyası (geri qaytarılması) da həyata keçirilib. Təkcə 2019-cu il noyabrın 14-də Almaniyadan Azərbaycana 61 Azərbaycan vətəndaşı gətirilmişdi. Məlumata görə, bu, "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında" Sazişin icrası çərçivəsində baş tutmuşdu.
"Almaniyada Azərbaycan vətəndaşlarının sənədlərinin saxtalaşdırılması və qanunsuz miqrasiyada şübhəli bilinərək saxlanmaları barədə məlumatlıyıq". Bunu o vaxt Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva demişdi. "Özlərini "siyasi mühacir" kimi qələmə verən bu şəxslərin belə bir fəaliyyətdə şübhəli bilinərək saxlanmalarına təəssüf edirik...", - L.Abdullayeva bildirmişdi.
Həmin vaxt Almaniya polisinin ölkədəki qanunsuz miqrasiya halları ilə bağlı reydlər həyata keçirdiyi deyilirdi.